Şəhid anasına mənzil vəd edərək 10 min manat aldığı iddia olunan icra hakimiyyətinin sabiq şöbə müdiri 9 il müddətinə həbs edilib. İş üzrə 27 nəfər zərərçəkmiş qismində tanınıb.
Şəki Şəhər İcra Hakimiyyətinin sabiq şöbə müdiri Tural Məmmədov 2021–2025-ci illərdə vətəndaşlara mənzil, pensiya, veteranlıq statusu və iş vədləri verərək pul almaqda ittiham olunub. Ümumi ziyanın 95 min 700 manat olduğu bildirilir.
İş üzrə zərərçəkmiş Sabirə Nüyvarova bildirib ki, şəhid ailəsi kimi aldığı 10 min manat müavinəti mənzil almaq üçün saxlayıb.
Onun sözlərinə görə, 2023-cü ilin sonunda mənzil məsələsi ilə bağlı icra hakimiyyətinə müraciət edib. Bir neçə saat sonra Tural Məmmədov ona zəng edərək mənzil təklif edib və bunun üçün 5 min manat istəyib.
Qadın həmin pulu verdikdən sonra ikiotaqlı mənzil almaq üçün əlavə 5 min manat da ödədiyini deyib. Məmmədov mənzilin 2025-ci ilin martında veriləcəyini vəd etsə də, vəd yerinə yetirilməyib.
Tural Məmmədov dələduzluq ittihamını qismən qəbul edib, rüşvət alma ittihamları ilə razılaşmayıb. O, bəzi şəxslərdən göstərilən məbləğləri almadığını və mənzil məsələsində səlahiyyətinin olmadığını bildirib.
Şəki Ağır Cinayətlər Məhkəməsi Tural Məmmədovu 9 il həbsə məhkum edib. O, əlavə olaraq 2 il rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum olunub.
Məhkəmə zərərçəkmişlərin mülki iddialarını qismən təmin edib. Hökm zamanı 5 min 800 manatın ödənildiyi nəzərə alınıb. Mənbə: Telqraf.az