Xudatda ailə münaqişəsi zamanı qayınatasına yumruq zərbəsi endirərək onun ölümünə səbəb olmaqda təqsirləndirilən şəxsin 9 il 11 ay 29 günlük həbs cəzası qüvvədə saxlanılıb.
Orxan Kərimzadənin (adı və soyadı şərtidir – red.) barəsində çıxarılmış hökmə verilən apellyasiya şikayətinə baxılıb.
İttihama görə, hadisə 2025-ci il sentyabrın 26-da Xaçmaz rayonunun Xudat şəhərində baş verib. Həmin gün İlham Məcidov (soyadı şərtidir – red.) həyat yoldaşı ilə birlikdə qızının yaşadığı evə gəlib.
Ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı Orxan Kərimzadə qayınatasının sol sinə nahiyəsinə yumruq zərbəsi vurub.
Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, zərərçəkmişin döş qəfəsinin ön səthində yumşaq toxumalara qansızma və qalxan aortanın cırılması ilə müşayiət olunan ağır xəsarətlər yaranıb. İlham Məcidov döş qəfəsinin küt travması nəticəsində aortanın cırılması və kəskin daxili qanitirmədən ölüb.
Məhkəmədə Orxan Kərimzadə özünü qismən təqsirli bildiyini deyib.
Apellyasiya şikayəti təmin edilməyib və hökm qüvvədə saxlanılıb.
Mənbə: Pravda.az