Futbol üzrə I Liqada çıxış edən iki komandaya sarı vərəqələrin çoxluğu səbəbindən cərimə tətbiq edilib.
Shimal.News xəbər verir ki, AFFA İntizam Komitəsinin iclasında müxtəlif liqalar üzrə keçirilən oyunlarla bağlı qərarlar qəbul olunub.
I Liqanın V turunda "Xankəndi" ilə qarşılaşmada 7 futbolçusu sarı vərəqə alan "Xankəndi" komandası 210 manat cərimələnib. "Mingəçevir"lə oyunda 5 futbolçusu sarı vərəqə alan "Şimal" komandasına da 210 manat cərimə tətbiq edilib.
Misli Premyer Liqasının VIII turunda "Şamaxı" – "Şəfa" matçında hakimin qərarına etiraz etdiyi üçün ikinci sarı vərəqədən qırmızı vərəqə alan "Şamaxı"nın məşqçisi Araz Bağırov bir oyunluq cəzalandırılıb. Klub 2500 manat cərimələnib. Həmin görüşdə 4 futbolçusu sarı vərəqə alan "Şəfa" isə 700 manat cərimə ödəyəcək.
Əvəzedicilər Liqasının VI turunda "Şamaxı-2" – "Araz-Naxçıvan-2" matçında 5 futbolçusu sarı vərəqə alan "Şamaxı-2" komandası 70 manat cərimələnib. Görüşün 86-cı dəqiqəsində ikinci sarı vərəqədən meydandan qovulan Ceyhun Bağırzadə bir oyunluq cəza alıb, klub əlavə olaraq 50 manat cərimələnib.
Həmin oyunun 90+2-ci dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alan Nicat Qaragözlü isə 3 oyunluq cəzalandırılıb. "Şamaxı-2" bu hadisəyə görə 300 manat cərimə ödəyəcək.
Bundan başqa, "Qəbələ-2" – "Neftçi-2" matçında 5 futbolçusu sarı vərəqə alan "Qəbələ-2" komandası 70 manat cərimələnib.