Şahdağ Milli Parkının İsmayıllı bölməsi payız fəslində təbiətin rəngarəng çalarlarını seyr etmək və zəngin heyvanlar aləmi ilə tanış olmaq istəyənlər üçün maraqlı səyahət məkanlarından biridir.
Milli parkın bu bölməsinə İsmayıllı–Qəbələ avtomobil yolundan ayrılaraq Buynuz kəndi istiqamətində hərəkət etməklə çatmaq mümkündür.
Payızın gəlişinə baxmayaraq havanın isti keçməsi və ağacların qızılı rəngə bürünməsi ərazidə zümrüdü mənzərə yaradır. Meşənin yaşıllığına qatılan sarı və qızılı çalarlar təbiətin fəsil dəyişimini bütün gözəlliyi ilə əks etdirir.
Şahdağ Milli Parkı 2006-cı ildə ətraf mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması və ekoturizmin inkişafı məqsədilə yaradılıb. İsmayıllı, Quba, Qusar, Qəbələ, Oğuz və Şamaxı rayonlarının ərazilərini əhatə edən milli park zəngin dağ-meşə landşaftı və zəngin faunası ilə seçilir.
Milli parkın İsmayıllı bölməsində zubrlar, bizonlar və digər heyvanlar yaşayır. 2019-cu ilin may ayından etibarən Almaniya, Belçika və Niderlanddakı zooparklardan Azərbaycana bizonlar gətirilib. Sonrakı mərhələlərdə zubrların sayının artırılması istiqamətində də tədbirlər görülüb.
Şahdağ Milli Parkının ərazisində, həmçinin Avropa cüyürü, canavar, Hindistan tirəndazı, qonur ayı, Qafqaz köpgəri, çaqqal, tülkü, dovşan, zubr, nəcib maral və digər heyvanlar yaşayır. İlin bütün fəsillərində buraya səfər edərək təbiətin gözəlliklərini seyr etmək, bəzi heyvanları isə yaxından müşahidə etmək mümkündür.
Şahdağ Milli Parkının İsmayıllı bölməsi kino tariximizlə də bağlıdır. 1958-ci ildə çəkilmiş "Ögey ana" filminin bəzi səhnələri bu ərazidə lentə alınıb. Balaca İsmayılın "Kəndimiz" mahnısını oxuduğu ağac isə filmin sevənlərinə həmin unudulmaz anları xatırladır.
Mənbə: Azərtac