Zaqatalada dolu meyvə bağlarına ziyan vurub. Rayonun Yuxarı Tala, Meşləş və Ələsgər kəndlərinə yağan güclü leysan və dolu sakinlərin təsərrüfatlarına təsir edib.
Ötən axşam şimal-qərb bölgəsində hava şəraiti kəskin dəyişib. Yüksək dağlıq ərazilərə qar, dağətəyi yaşayış məntəqələrinə güclü leysan yağıb, bəzi ərazilərə isə dolu düşüb.
Zaqatala sakini Həsən Əliyevin sözlərinə görə, leysan və dolu əsasən Yuxarı Tala, Meşləş və Ələsgər kəndlərində müşahidə olunub.
Digər sakin Nəriman Şabanov bildirib ki, dolu ağaclardakı xurma, alma və armud meyvələrini zədələyib.
Rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, yağıntılara baxmayaraq, çaylarda daşqın təhlükəsi yoxdur. Bölgədə qeyri-sabit hava şəraiti davam edir. Mənbə: Azərtac