Maşınınız xarab olanda yaxınlaşdığınız təmir mərkəzlərində qarşınıza bir qadın çıxsa, təəccüblənərsiniz? Yəqin ki, hə. Amma artıq hazır olun, avtomobil təmiri sahəsinə qadınlar da gəlir.
Azərbaycanın məşhur avtomobil şirkətlərinin təmir və diaqnostika mərkəzlərində işləmək üçün kadrlar hazırlayan İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin Qobustan korpusunda artıq bir qadın usta yetişir.
3 uşaq anası peşə təhsili alır
O, 37 yaşlı Dilarə Nuriyevadır. Hazırda İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin Qobustan korpusunda "Avtomobil diaqnostikası və təmiri ustası" ixtisası üzrə təhsil alır. 3 övlad anası peşə yolunda təkbaşına deyil, onun ən böyük dəstəkçisi və bələdçisi həyat yoldaşıdır.
Avtomobilə hər zaman həvəsim olub
Maşınlara böyük marağı uşaqlıqdan var. Yaşıdları əlində gəlinciklə gəzəndə o, oğlanların əlindəki maşınlara maraq göstərib. Getdikcə həvəsi böyüyüb. Elə bu maraqla əvvəlcə əllərini öz maşınının yağı ilə qaraldıb, indi isə başqa avtomobillərin də mühərrik örtüyünü açıb dərdini anlamaq istəyir: "Öz avtomobilimizin texniki problemi olanda təmir etmək üçün yoldaşıma kömək edirdim".
Ən böyük dəstəyi həyat yoldaşından alır
Oxumaq, təhsil almaq arzusundan danışan Dilarənin fikrincə, onun üçün maraqlı sahə üzrə təhsil almaq xüsusilə zövqvericidir: "Məktəbdə dərslərimi yaxşı oxumuşam. Xilmilli kənd tam orta məktəbini bitirdikdən sonra ailə qurmuşam. Amma avtomobilə hər zaman həvəsim olub. Mənim üçün çox maraqlıdır. Bu marağımı görüb yoldaşım maşının texniki problemlərinin həllinə məni də cəlb edib. İndi dərslərimdə də mənə çox dəstək olur. Bilmədiyimi öyrədir. Həvəsimi, çox böyük marağımın olduğunu bildiyi üçün təhsil almağımı da elə o istədi".
Bu sahəni sevərək və istəyərək seçmişəm
Artıq Dilarə Nuriyeva özü usta kimi fəaliyyət göstərməyi arzulayır. Bu yolda da əsas bələdçisi istehsalat təlimi ustası Əfqan Sadayevdir. Dilarə hər gün həvəslə dərsə gedir və ondan ustalığın sirlərini öyrənir. Peşə təhsili onun üçün tamamilə yeni bir qapıdır. Elə bir qapı ki, onu açmaqla illərlə ürəyində bəslədiyi arzusu reallaşacaq: "Hələlik nəzəri dərslərimiz daha çox olur. Avtomobilləri nəzəri cəhətdən öyrənirəm. Maraqla istənilən maşını açıb dərdini öyrənməyə çalışacağım günləri gözləyirəm".
Deyir əvvəlcə istehsalat təlimi ustası Əfqan Sadayevlə birlikdə avtomobil üzərində müxtəlif əməliyyatlar aparacaq, sonra isə təkbaşına: "İndi təhsil alıb bu sahədə çalışmaq istəyirəm. Bu sahəni sevərək və istəyərək seçmişəm, nə vaxtsa peşman olacağımı düşünmürəm, əksinə, təhsilimi uğurla başa vurub işləyəcək və adlı-sanlı usta olacağam".
![]()
Mənbə: Muallim.edu.az