Qubanın Kardaş kəndində yalnız ibtidai təhsil verilir.
Bu səbəbdən hər gün 16 şagird qonşu Pirvahid kəndindəki məktəbə piyada gedir. Valideynlər isə yolun təhlükəli olmasından narahatdırlar.
Sakinlərin sözlərinə görə, kənddə modul tipli məktəb fəaliyyət göstərsə də, burada təhsil yalnız IV sinfə qədər mümkündür.
Valideynlər bildirirlər ki, təxminən 15-16 şagird hər gün məktəbə gedib-gəlmək üçün ümumilikdə 12 kilometr yol qət edir. Onların sözlərinə görə, yolun döngəli olması və avtomobillərin hərəkəti uşaqlar üçün təhlükə yaradır. Soyuq və yağışlı havalarda isə vəziyyət daha da çətinləşir.
Quba-Xaçmaz Regional Təhsil İdarəsindən bildirilib ki, şagirdlərin daşınması valideynlərlə özəl daşıma xidməti göstərən tərəflər arasında bağlanan müqavilə əsasında həyata keçirilə bilər. Regional təhsil idarəsi bu müqavilələrə müdaxilə etmir.
Həmçinin qeyd olunub ki, şagirdlərin daşınması imkanları ilə bağlı valideynlərin müraciətləri əsasında idarədə müvafiq qiymətləndirmələr aparılır.
Mənbə: Xəzər TV