Ağsuda kafedə pivə almamaq üstündə 16 yaşlı yeniyetməni bıçaqlayaraq öldürmək istəyən dostlar - Məhəmməd Talıbov və Rüfət İbrəhimovun cinayət işinin bəzi detalları məlum olub.
Hadisə 2025-ci il fevralın 21-də Ağsu şəhərində baş verib.
İttiham aktına əsasən, həmin gün saat 19:00 radələrində Məhəmməd Talıbov Ağsu şəhərindəki "Ağsu Pub" kafesində 16 yaşlı Murad Əliyevdən ona pivə almasını istəyib. Muradın imkanı olmadığını bildirməsindən sonra tərəflər arasında mübahisə yaranıb. Məhəmməd onu kafenin həyətində yerə yıxaraq yumruqla bir neçə dəfə vurub. Murad da qarşılıq olaraq onun dodağına yumruq vurub və təhqiramiz ifadələr işlədib. Ətrafdakıların müdaxiləsi ilə tərəflər ayrılıb.
İttihama görə, bundan sonra Məhəmməd Muradı öldürmək qərarına gəlib və Ülgüc kəndindəki evindən götürdüyü bıçağı özü ilə gəzdirib. O, baş verənləri dostu Rüfət İbrəhimova danışaraq Muradı öldürmək istədiyini bildirib.
Həmin gün saat 21:00 radələrində Məhəmməd Talıbov və Rüfət İbrəhimov Ağsu şəhəri, Xətai küçəsi 8 ünvanının yaxınlığında Murad Əliyevin qarşısını kəsiblər. İttiham aktında qeyd olunur ki, onlar yeniyetməyə hərəsi üç zərbə olmaqla, ümumilikdə altı bıçaq zərbəsi vurublar.
Yaxınlıqda yaşayan sakinlərin köməyi ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılan Muradın həyatını həkimlərin səyi nəticəsində xilas etmək mümkün olub.
Hər iki şəxs polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Onlara qarşı qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd ittihamları irəli sürülüb.
Cinayət işi Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Xaliq Məmmədovun sədrliyi ilə araşdırılır.
Mənbə: Unikal.az