Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərə əsasən, EKTİS-də (Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi) qeydiyyatda olmayan fiziki şəxslərdən kənd təsərrüfatı məhsulları alındıqda satış məbləğinin 2 faizi həcmində vergi tutulması nəzərdə tutulur.
Shimal.News xəbər verir ki, yeni təklifə əsasən, qeydiyyatsız şəxslərdən kənd təsərrüfatı məhsulu alan vergi ödəyiciləri ödəniş zamanı vergi tutmalı olacaqlar.
Məhsulu satan şəxs EKTİS-də qeydiyyatdan keçibsə, onun satışdan əldə etdiyi gəlir vergidən azad ediləcək və alıcı ödəniş zamanı vergi tutmayacaq. Qeydiyyatda olmayan satıcıdan məhsul alan vergi ödəyicisi isə ödənişin 2 faizini vergi kimi tutacaq.
Məsələn, qeydiyyatda olmayan şəxs 5 000 manatlıq kənd təsərrüfatı məhsulu satarsa, bu məbləğin 100 manatı vergi tutulacaq. EKTİS-də qeydiyyatda olan satıcıdan isə belə vergi tutulması nəzərdə tutulmur.
Dəyişikliklərin ailə kəndli təsərrüfatlarının üzvlərinə və həyətyanı sahələrdə məhsul yetişdirən digər kənd sakinlərinə də şamil olunması təklif edilir.
Qeyd edək ki, bunlar Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərdir və hələ qüvvəyə minmiş qayda deyil.