Rejissor və prodüser Rəvan Cabbarovun "Obitus" adlı qorxu filmi Şəkinin dağlıq ərazisində çəkilib. Çəkiliş qrupu həmin məkanda üç ay çalışıb, bəzi səhnələr isə mənfi 15 dərəcə şaxtada lentə alınıb.
Rejissor Shimal.News-a müsahibəsində bildirib ki, filmin çəkilişləri zamanı hazır məkanlardan istifadə edilməyib. Ekran əsərinin süjetinə uyğun olaraq Şəki dağlarında sıfırdan kənd salınıb. Həmin dekorasiya sonradan dağıdılmaq və yandırılmaq üçün xüsusi olaraq qurulub.
Rəvan Cabbarovun sözlərinə görə, çəkiliş qrupu təxminən 50 nəfərdən ibarət olub. Real atmosfer yaratmaq üçün aktyorlar çəkiliş zamanı isinməyərək soyuqda qalıblar. Onların nəfəsindən çıxan buxarın görünməsi də səhnələrin təbii alınması baxımından vacib olub.
Cabbarovun sözlərinə görə, ekran əsərində tanınmış aktyorlardan az istifadə edilib. Çəklişə yerli əhali cəlb olunub. Aktyorların bir qismi əvvəllər heç bir filmdə çəkilməyib. Məqsəd tamaşaçıya fərqli simalar təqdim etmək olub. "Aporia" filmində rol alan Aysel isə bu dəfə "Obitus"da ikinci dərəcəli, həmin filmdə mənfi obrazı canlandıran Mübariz isə baş rollardan birini oynayıblar.
"Obitus" yalnız qorxu filmi kimi deyil, ata və qızın həyatda qalmaq mübarizəsi üzərində qurulan hekayə kimi təqdim olunur. Hadisələr dağıdıcı seldən sonra ucqar kənddə yayılan naməlum infeksiya ətrafında cərəyan edir.
Rəvan Cabbarov filmin Kann Film Festivalı çərçivəsində təqdim olunduğunu bildirib. Onun sözlərinə görə, növbəti mərhələdə ekran əsərinin Amazon Prime platformasında yayımlanması planlaşdırılır, Netflix ilə də danışıqlar aparılır. Rejissor filmin beynəlxalq platformalarda yayımlanacağı təqdirdə Azərbaycandan bu platformalara çıxan ilk ekran əsərlərindən biri ola biləcəyini qeyd edib.
Qeyd edək ki, "Obitus" noyabrın 19-dan etibarən Azərbaycan kinoteatrlarında nümayiş olunur.