Bu gün Xocavənd rayonunun Qarakənd kəndi üzərində Azərbaycana məxsus "Mi-8" helikopterinin Ermənistan silahlı qüvvələri tərəfindən vurulmasından 35 il ötür.
1991-ci il noyabrın 20-də helikopterin vurulması nəticəsində Azərbaycanın bir sıra dövlət xadimləri, hərbçilər və jurnalistlər həlak olublar.
1991-ci il noyabrın 7-də Bakıda Qarabağdakı vəziyyəti müzakirə etmək məqsədilə Qazaxıstan, Azərbaycan, Türkmənistan, Rusiya və Ermənistan nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Nümayəndələr Xankəndiyə gedərək hadisələrlə yerində tanış olmaq barədə razılığa gəliblər.
1991-ci il noyabrın 18-də Mixail Qorbaçovun şəxsi köməkçisi Kremldən Bakıya zəng edərək Azərbaycan Respublikasının Dağlıq Qarabağ rəhbərliyindən Təhlükəsizlik Şurasının növbəti iclasının Dağlıq Qarabağda keçirilməsini xahiş edib. İclasda ərazi iddiaları irəli sürən erməni liderlərinin və Moskva nümayəndələrinin də iştirakı nəzərdə tutulub.
Bu telefon danışığından sonra Bakıda nümayəndə heyətinin siyahısı tərtib edilib. İlkin plana əsasən, nümayəndə heyətinə Viktor Polyaniçko rəhbərlik etməli idi. Heyətin əsasən güc strukturlarının və Təhlükəsizlik Şurasının rəhbər şəxslərindən formalaşdırılması nəzərdə tutulurdu.
Rəsmi Moskva iclasda dövlət katibi Tofiq İsmayılovun və baş prokuror İsmət Qayıbovun mütləq iştirak etməsini xahiş edib.
1991-ci il noyabrın 19-da saat 19:05-də nümayəndə heyətinin siyahısı tərtib olunub və Viktor Polyaniçkonun rəhbərliyi qüvvədə qalıb. Lakin həmin gecə siyahıya dəyişiklik edilib. Viktor Polyaniçkonun və güc strukturlarından seçilmiş şəxslərin adları siyahıdan çıxarılıb, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov isə heyətə daxil ediliblər. Tofiq İsmayılov nümayəndə heyətinə rəhbərlik etməli, Ağdamda Təhlükəsizlik Şurasının səyyar iclası keçirilməli idi.
1991-ci il noyabrın 20-də saat 12:57-də Ağdam uçuş zolağında iki "Mi-8" helikopterinin (69 və 72 nömrəli) yanacaq çənləri doldurulub. "Mi-8" N69 əsas helikopter, N72 isə onu müşayiət edən helikopter kimi nəzərdə tutulub. Lakin ikinci helikopter təhlükəsizlik tədbirləri təmin edilmədən saat 13:48-də birincinin əvəzinə havaya qalxıb.
Həmin vaxt Gülablı və Yenikənd istiqamətlərində hərbi avtomobillərdə quraşdırılmış, Ağdam və Xocalı hava limanlarının uçuş-enmə zolaqlarını nəzarətdə saxlayan radarlar vasitəsilə müşahidə aparılıb. Saat 14:05-də Ağdamdan Qarakənd istiqamətində uçan "Mi-8" N72 helikopteri ilə rabitə əlaqəsi kəsilib.
Bu barədə məlumat Xocavənd istiqamətinə ötürülüb. Lakin faciə ilə bağlı ilkin məlumat təxminən altı saat sonra verilib. Hesablamalara görə, Qarakənd üzərində 300 metr yüksəklikdə uçan "Mi-8" N72 helikopteri 1991-ci il noyabrın 20-də saat 14:42-də vurulub.
Faciə nəticəsində ümumilikdə 22 nəfər həlak olub.
Həmin gün "Mi-8" hərbi helikopterində həlak olan şəxslər:
- Tofiq Kazım oğlu İsmayılov – dövlət katibi
- İsmət İsmayıl oğlu Qayıbov – baş prokuror
- Məhəmməd Nəbi oğlu Əsədov – dövlət müşaviri
- Zülfi Saleh oğlu Hacıyev – baş nazirin müavini
- Vaqif Cəfər oğlu Cəfərov – millət vəkili
- Vəli Hüseyn oğlu Məmmədov – millət vəkili
- Osman Mirzə Hüseyn oğlu Mirzəyev – Prezident Aparatının şöbə müdiri
- Qurban Hüseyn oğlu Namazəliyev – nazir müavini
- İqor Aleksandroviç Plavski – DQMV-nin prokuroru
- Vladimir Vladimiroviç Kovalyov – DQMV Daxili İşlər İdarəsinin rəisi
- Sergey Semyonoviç İvanov – Dağlıq Qarabağ üzrə Milli Təhlükəsizlik Şöbəsinin rəisi
- Nikolay Vladimiroviç Jinkin – fövqəladə vəziyyət rayonunun komendantı
- Sanlal Dasumoviç Serikov – Qazaxıstan DİN-in müavini
- Mixail Dmitriyeviç Lukaşov – milis general-mayoru
- Oleq Nikolayeviç Koçerev – polkovnik-leytenant
- Rafiq Məmməd oğlu Məmmədov – dövlət katibinin köməkçisi
- Alı Mustafa oğlu Mustafayev – telejurnalist
- Arif İsmayıl oğlu Hüseynzadə – AzTV-də işıqçı
- Fəxrəddin İbrahim oğlu Şahbazov – videooperator
- Vyaçeslav Vladimiroviç Kotov – helikopter heyətinin komandiri
- Gennadi Vladimiroviç Domov – helikopter heyətinin üzvü
- Dmitri Borisoviç Yarovenko – helikopter heyətinin üzvü