Quba-Xaçmaz iqtisadi rayonu doğum səviyyəsinə görə ölkə üzrə orta göstəricini üstələyib.
Shimal.News xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 64 043 körpənin doğumu qeydə alınıb. Onlardan 75-i üçəm, 2 126-sı isə əkiz olub.
Dövlət Statistika Komitəsinin məlumatına görə, doğulan körpələrin 53,2 faizini oğlanlar, 46,8 faizini isə qızlar təşkil edib.
Quba-Xaçmaz iqtisadi rayonunda əhalinin hər 1000 nəfərinə düşən doğum göstəricisi 9,5 olub. Bu rəqəm ölkə üzrə orta göstəricidən (8,3) yüksəkdir.
Ümumilikdə, ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycanda hər 1000 nəfərə düşən doğum səviyyəsi 9,4-dən 8,3-ə enib.
Doğum göstəricisi Dağlıq Şirvan iqtisadi rayonunda 10,7, Lənkəran-Astarada 10,2, Qarabağda 10,1, Şərqi Zəngəzurda 10, Quba-Xaçmaz və Mil-Muğanda 9,5, Qazax-Tovuzda 9,2, Mərkəzi Aran və Şirvan-Salyan iqtisadi rayonlarında isə 9,1 təşkil edib.