Qusardakı Samur gömrük postundan keçirilən 15 tondan çox "Alpen Gold" və 4 tondan artıq "Oreo" Dağıstanda satılıb.
Məlumata görə, 37 yaşlı Ayxan Vəliyev (ad və soyad şərtidir) Gürcüstandan Özbəkistana aparılmalı olan şirniyyat yükünü ələ keçirərək Rusiyaya aparıb.
O, yük maşınının marşrutunu dəyişib, məhsulları Qusar rayonundakı Samur gömrük postundan Rusiyaya keçirib. Şokolad və peçenyelər Mahaçqala şəhərində 50 min dollara satılıb.
Ayxan Vəliyev əldə etdiyi pulun bir hissəsini yük maşınlarının alınmasına xərclədiyini bildirib. Araşdırma zamanı yükün guya Qazaxıstana göndərildiyini göstərən həqiqətə uyğun olmayan sənədin də təqdim edildiyi üzə çıxıb.
Keçirilən məhkəmədə zərərçəkən şirkətin nümayəndəsi 184 min 843 manatlıq ziyanın ödənilmədiyini bildirib.
Məhkəmənin hökmü ilə A.Vəliyev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Mənbə: Lent.az