Qusar şəhərindəki mərkəzi bazarda kənd yumurtasının qiyməti 60 qəpiyə yüksəlib.
Ötən gün ədədi 50 qəpiyə satılan kənd yumurtası bu gün 10 qəpik bahalaşıb.
Bildirilir ki, bazarda kənd yumurtasının qıtlığı yaranıb. Bu səbəbdən də qiymət artıb.
Qusar bazarında kənd yumurtasının bu gün 60 qəpiyə satıldığını Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin Bitkiçilik sektorunun baş məsləhətçisi Xələf Babayev də təsdiqləyib.
O bildirib ki, vəziyyət kəndlərdə toyuqların əsasən bakterioz xəstəliyinə tutulması və tələf olması, nəticədə onların sayının kəskin azalması, eləcə də mövcud toyuqların qış dövründə az yumurta verməsi ilə əlaqədardır.
Onun sözlərinə görə, bu vəziyyət yanvarın sonunadək davam edə, yumurtanın qiyməti isə daha da arta bilər.
Xələf Babayev əlavə edib ki, qurum bazar qiymətlərinə müdaxilə etmir, yalnız kənd təsərrüfatı məhsullarının qiymətləri barədə gündəlik olaraq Kənd Təsərrüfatı Nazirliyinə məlumat verir.
Mənbə: Bizim.Media