Noyabrın 20-si saat 10:00-a olan məlumata görə, Azərbaycanın əksər ərazilərində qeyri-sabit, küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.
Shimal.News xəbər verir ki, Şabran, Balakən və Zaqatalada yağıntı qeydə alınıb. Şahdağda isə arabir qar yağır, küləyin sürəti 20 m/san-dək güclənib.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Şimal bölgəsində yağıntının miqdarı Şabran rayonunda 1, Balakən və Zaqatalada 1, Qaxın Sarıbaş kəndində 2, Şəkinin Kişçay ərazisində isə 2 mm təşkil edib.
Şahdağda arabir qar yağır. Burada küləyin maksimal sürəti saniyədə 20 metrə çatıb. Eyni sürət Şəki və Daşkəsəndə də qeydə alınıb.
Ölkə üzrə ən güclü külək Yardımlıda saniyədə 25 metr olub. Oğuz, Naftalan, Bakı və Abşeron yarımadasında isə küləyin sürəti 24 metrə çatıb.
Qeyd edək ki, Bakı və Abşeron yarımadasında da səhər saatlarında qısamüddətli yağış yağıb.