Azərbaycanda ilk dəfə yeni subsidiya mexanizmi tətbiq olunacaq.
Shimal.News xəbər verir ki, 2027-ci il üzrə əkin subsidiyasının 30 faizi müəyyən şərtlərə cavab verən fermerlərə əkin işləri başa çatmadan əvvəl ödəniləcək. Bunun üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) üzərindən müraciət imkanı yaradılıb.
Avans subsidiyasından yararlanmaq üçün fermerin EKTİS-də reytinqi 30 baldan yüksək olmalı, əkin sahəsi 5–100 hektar arasında və çıxarışlı olmalıdır. Həmçinin torpaq sahəsi üzrə yalnız bir əkin bəyanı təqdim edilməlidir.
Mexanizm çəltik, qarğıdalı, darı, sorqo, buğda, arpa, çovdar, vələmir, qarabaşaq, noxud, lobya, mərci, günəbaxan, kartof, tərəvəz və bostan bitkiləri daxil olmaqla, müəyyən edilmiş birillik yazlıq və payızlıq əkinlərə şamil olunur.
Payızlıq əkin aparan fermerlər avans üçün noyabrın sonunadək, yazlıq əkin aparacaq istehsalçılar isə 2027-ci ilin fevral-mart aylarında EKTİS vasitəsilə müraciət edə bilərlər.
Müraciət zamanı fermerlər əkin sahəsinin koordinatlarını sistemə daxil etməlidirlər. Avansın təsdiqi üçün sahədə şum işlərinin aparıldığı da yoxlanılacaq. Monitorinq rəqəmsal texnologiyalar və süni intellekt vasitəsilə həyata keçiriləcək.
Əkin faktı təsdiqləndikdən və müvafiq prosedurlar tamamlandıqdan sonra subsidiyanın qalan 70 faizi fermerin hesabına köçürüləcək.