Azərbaycanın ən tanınmış turizm bölgələrinin birinə aparan avtomobil yolunda dərin çuxurlar və asfalt örtüyünün dağılması sürücülər üçün çətinlik yaradır.
Shimal.News xəbər verir ki, Quba–İspik–Xınalıq avtomobil yolunun Qəçrəş meşəsi və kənd ərazisindən keçən hissəsində asfalt örtüyü yararsız hala düşüb, yolun müxtəlif sahələrində çalalar və nahamarlıqlar yaranıb.
Sürücülərin sözlərinə görə, xüsusilə dərin çuxurlar nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirir və qəza riskini artırır. Onlar yolun turizm ərazisindən keçdiyini nəzərə alaraq mütəmadi təmir və nəzarətin vacibliyini vurğulayırlar.
Sakinlər bildirirlər ki, son illərdə yağıntıların çox olması asfalt örtüyünün tez sıradan çıxmasına səbəb olur. Onların fikrincə, problemli hissələr vaxtaşırı bərpa edilməlidir. Yolun dar olması və çuxurların yaratdığı təhlükə ilə bağlı qəza hallarının, o cümlədən ölümlə nəticələnən hadisələrin baş verdiyi də qeyd olunur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, yolda yaranan çökmə və digər deformasiyaların əsas səbəblərindən biri ərazinin geoloji xüsusiyyətləri və torpaq sürüşmələridir.
Qurumdan əlavə edilib ki, yolun əsaslı təmiri ilə bağlı layihə-smeta sənədləri hazırlanıb. İşlərin investisiya proqramı çərçivəsində növbəti mərhələdə həyata keçirilməsi nəzərdə tutulur.