Payız gəlib, bağlardan yığılan qoz, fındıq, şabalıd və badam artıq bazarlarda satışa çıxarılıb.
Satıcıların sözlərinə görə, builki qiymətlər ötən illə müqayisədə əsasən daha münasibdir.
Məhsulun tam qurumaması isə alıcılar üçün başqa bir məqam yaradır. Onların sözlərinə görə, yaş çərəzlər çəkidə daha ağır gəlir.
Bazarlarda qozun qiyməti təxminən 5-6 manat, fındığın 4-5 manat, badamın isə 6 manat ətrafındadır. Şabalıdın qiyməti isə ölçüsündən və keyfiyyətindən asılı olaraq daha yüksəkdir. İri şabalıdın kilosu 20 manata, orta ölçülünün kilosu isə 14-15 manata təklif olunur. Yaş şabalıdın qiyməti isə təxminən 5 manatdır.
Satıcılar bildirirlər ki, builki məhsulun çox olması qiymətlərin ötən illə müqayisədə aşağı düşməsinə təsir edib. Məsələn, onların sözlərinə görə, keçən il bəzi çərəzlərin qiyməti 8-10 manata qədər yüksəlib.
Qoz, fındıq və şabalıdın geniş becərildiyi İsmayıllıda da oxşar vəziyyət müşahidə olunur.
Məhsulu birbaşa kənddən almaq daha sərfəlidir. Məsələn, yerində 3 manata alınan bir kiloqram qoz bazarda 5-7 manata satılır.
Qiymətə məhsulun daşınması, çeşidlənməsi və saxlanması ilə yanaşı, dünya bazarındakı vəziyyət və xarici məhsulların daxili bazara təsiri də təsir göstərir.
Hazırda bazarda əsas gözlənti isə qiymətlərin daha da aşağı düşməsidir. Xüsusilə yeni yığılan məhsulun tam qurumasından sonra çərəzlərin qiymətinin necə dəyişəcəyi maraq doğurur.
Mənbə: Xezerxeber.аz