Şəki BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP31) çərçivəsində dünyanın 69 şəhərinin iştirak etdiyi qlobal iqlim təşəbbüsündə təmsil olunub.
Shimal.News xəbər verir ki, beynəlxalq təqdimatda "Şəki iqlim dəyişmələrinə davamlı yaşıllıq sahələrini genişləndirir" şüarı ilə yer alıb. Təşəbbüs "C40 Cities" və İqlim və Enerji üzrə Qlobal Merlər Razılaşmasının birgə həyata keçirdiyi "İllik Fəaliyyət Təklifi" proqramı çərçivəsində təqdim olunub. Şəkinin iqlim fəaliyyəti COP31-in iki həftəsi ərzində rəqəmsal ekranlarda nümayiş etdirilib, şəhər haqqında məlumatlar konfrans iştirakçılarına paylanılıb.
Təqdimatda diqqət çəkən layihələrdən biri 1951-ci ildə salınmış Məhəmməd Füzuli adına mədəniyyət və istirahət parkının yenidən qurulmasıdır. Parkda tarixi freskaların, heykəltəraşlıq nümunələrinin və 1800 yerlik "Yay Teatrı"nın bərpası, yaşıllıqların yenilənməsi nəzərdə tutulur.
Şəhərin ekoloji dayanıqlılığını artırmaq üçün quraqlığa davamlı bitkilərin əkilməsi, damcı suvarma və enerjiyə qənaət edən işıqlandırma sistemlərinin tətbiqi də planlaşdırılır.
Şəkidə yaşıllaşdırma işləri təkcə yeni layihələrlə məhdudlaşmır. Müxtəlif ərazilərdə və çaylar boyunca indiyədək 12 mindən çox ağac əkilib. Şəhidlərin xatirəsinə salınan "Qəhrəmanlar Bağı"nda isə 353 Eldar şamı yetişdirilir.
Şəhərin tarixi irsi də bu təşəbbüslərin mühüm hissəsidir. Dəyirmanarxı çayı hövzəsində XIX əsrə aid iki su dəyirmanı bərpa olunub. Dağ suyunun gücü ilə işləyən bu dəyirmanlardan ənənəvi Şəki halvasının hazırlanmasında bu gün də istifadə edilir.
Bununla yanaşı, Dəyirmanarxı çayının 650 metr, Qurcana çayının isə 730 metr hissəsində möhkəmləndirmə işləri aparılıb. Tədbirlər sel və daşqın risklərinin azaldılmasına xidmət edir.
Qeyd edək ki, "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" 2019-cu ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Şəhərdə 132 dövlət mühafizəsinə götürülmüş arxeoloji və memarlıq abidəsi mövcuddur.![]()
![]()
![]()
![]()