Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər layihəsi işçilərin hüquqlarının gücləndirilməsini və əmək münasibətlərində şəffaflığın artırılmasını hədəfləyir. Layihədə aşağıdakı yeniliklər nəzərdə tutulur.
1. Saatlıq əməkhaqqı sistemi
Qanunvericilikdə aylıq əməkhaqqı ilə yanaşı, saatlıq əməkhaqqı anlayışı da təsbit olunur.
Saatlıq əməkhaqqı aşağıdakı hallarda tətbiq ediləcək:
Nazirlər Kabinetinin təsdiq etdiyi iqtisadi fəaliyyət növləri üzrə (kənd təsərrüfatı məhsullarının istehsalı və ictimai iaşə sahələrinin daxil edilməsi nəzərdə tutulur) müəssisələrdə və fiziki şəxs işəgötürənlərdə əmək müqaviləsi bir aydan az müddətə bağlandıqda;
həftəlik iş vaxtı 20 saat və ya daha az olduqda.
Hər işlənmiş saat üçün ödənilən məbləğ minimum saatlıq əməkhaqqından aşağı ola bilməyəcək. 1 saatdan az işlənmiş vaxt da 1 saat kimi hesablanıb ödəniləcək. Natamam iş vaxtı ilə işləyən və aylıq maaş alanların əməkhaqqı isə işlədiyi vaxta mütənasib olaraq minimum aylıq əməkhaqqından hesablanan məbləğdən aşağı olmayacaq. Layihənin qəbulu dövlət büdcəsinə əlavə yük yaratmayacaq.
2. Məzuniyyətin kompensasiya ilə əvəzlənməsinə qadağa
Əmək məzuniyyətinin minimum müddətinin (21 təqvim günü) kompensasiya əvəz olunması qadağan edilir. İstisna kimi yalnız işçi ilə əmək müqaviləsinə xitam verildikdə kompensasiya ödənilməsi qalır. Bundan əlavə, məzuniyyətin və ya onun bir hissəsinin başqa vaxta keçirilməsi halları daha geniş və dəqiq müəyyən olunur.