Deputat Əli Məsimli kəndlərin qazlaşdırılmasının ləngiməsinin meşələrə və ətraf mühitə təsirlərinin hesablanmasını təklif edib.
Shimal.News xəbər verir ki, deputat Əli Məsimli Şəki və Qax rayonlarında hələ də çoxsaylı kəndlərin qazlaşdırılmadığını bildirib.
O, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2027-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı danışıb.
Əvvəlki illərdə kəndlərin qazlaşdırılması üçün dövlət büdcəsindən vəsait ayrılması prosesi sürətləndirib. Sonradan həmin xərclər ixtisar olunub və qazlaşdırma işləri aidiyyəti qurumun vəsaiti hesabına həyata keçirilir. Lakin ayrılan vəsaitlə qazlaşdırılmamış kəndlərin yaxın onilliklərdə bu prosesə cəlb edilməsi mümkün görünmür.
Əli Məsimli qazlaşdırmanın gecikməsinin ekoloji nəticələrinin də qiymətləndirilməsinin vacibliyini vurğulayıb. O, kəndlərin 10 il ərzində qazlaşdırılmaması səbəbindən meşələrin qırılması və ətraf mühitə dəyən zərərlə bu işlərə vəsait ayrılmamasından əldə olunan qənaətin müqayisəli hesablanıb-hesablanmadığını soruşub.