Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar noyabrın 6-dan 10-dək ölkənin bütün avtovağzal və avtostansiyalarında iş rejimi gücləndiriləcək.
Shimal.News xəbər verir ki, bayram günlərində sərnişindaşımaların fasiləsiz və təhlükəsiz təşkili, avtobusların hərəkət qrafikinə əməl olunması və mümkün sıxlığın qarşısının alınması üçün əlavə tədbirlər görüləcək.
Sərnişin tələbatına uyğun olaraq xətlərə əlavə avtobuslar buraxılacaq, hərəkət intervallarına və təhlükəsizlik qaydalarına nəzarət gücləndiriləcək.
Biletləri avtovağzalların kassalarından və ya biletim.az portalından onlayn əldə etmək mümkündür.
Qeyd edək ki, portal vasitəsilə 61 məntəqəyə, 97 istiqamət üzrə bilet satışı həyata keçirilir. Sistemə 379 reys üzrə 426 nəqliyyat vasitəsi qoşulub.
Sərnişinlərə növbə və sıxlıq yaşamamaq üçün biletləri əvvəlcədən onlayn almaq tövsiyə olunur.