Xaçmaz Dəmir Yolu Vağzalının yaxınlığında yeni piyada körpüsü inşa edilib. Sakinlər isə köhnə yerüstü keçiddən istifadə etməyə üstünlük verirlər. Lakin bir müddət əvvəl köhnə körpünün girişində onun təhlükəli vəziyyətdə olduğunu bildirən xəbərdarlıq lövhəsi yerləşdirilib.
Shimal.News-a danışan sakinlər bildiriblər ki, köhnə körpünün vəziyyəti əvvəlki dövrlərlə müqayisədə ciddi şəkildə dəyişməyib. Onların sözlərinə görə, bir müddət əvvəl körpünün döşəməsindəki sınıq hissələr təmir olunub, metal konstruksiyaları rənglənib. Buna baxmayaraq, qısa müddət sonra keçidin hansı səbəbdən qəzalı hesab edilməsi sual doğurur.
Vətəndaşlar həmçinin iddia edirlər ki, yaxınlıqda yeni körpü tikildiyindən köhnə keçidin sökülməsi və metal konstruksiyalarının satılması planlaşdırıla bilər.
Qeyd edək ki, köhnə körpü 7 nömrəli məktəbin yaxınlığında yerləşir və sakinlər üçün əlverişli keçid hesab olunur. Yeni körpü isə daha uzaq məsafədə yerləşir və hündür olduğundan istifadəsi çətindir. Üstəlik, körpüdə lift quraşdırılması nəzərdə tutulsa da, sakinlər liftin hələ də istifadəyə verilmədiyini bildirirlər.
Sakinlər rahat gediş-gəlişin təmin olunmasını, köhnə körpünün bağlanma səbəbinə aydınlıq gətirilməsini və yeni körpünün liftlə təmin edilməsini istəyirlər.
Məsələ ilə bağlı redaksiyamız tərəfindən Azərbaycan Dəmir Yollarına sorğu ünvanlanıb.