Tacikistanda anadan olan, Özbəkistanda böyüyən, sonradan Bakıda yaşayan və musiqi müəllimliyi ilə məşğul olan Arzu Turangi Şəkiyə köçərək arzusundakı "Ruh açarı" qonaq evini yaradıb.
– Arzu xanım, şəkilisiniz?
– Mən Xucənddə, Tacikistanda anadan olmuşam, amma Daşkənddə böyümüşəm. Valideynlərim azərbaycanlıdır. Mənim ulu babalarım və ulu nənələrim Basqal kəndindəndir və o dövrdə bu ərazi Şamaxı qəzasının tərkibində olub. Bu yaxınlarda isə öyrəndim ki, köklərimizin bir hissəsi Şəkidəndir. Həmçinin, ailə köklərimizin bir hissəsi Təbrizə də gedib çıxır.
İnqilabdan sonra ailəmizin üzvlərini Orta Asiyaya köçürüblər və biz də orada yaşamışıq. 1993-cü ildə Azərbaycana, Bakıya köçmüşük.
– Artıq 33 il keçib.
– Bəli (gülür).
– Hazırda bu qonaq evini işlədirsiniz. Bəs daha öncəki fəaliyyətiniz nədən ibarət idi?
– Musiqi müəllimi kimi çalışırdım. Sonra o sahədən uzaqlaşdım.
– Qonaq evi kimi işlətdiyiniz bu ev ailənizə məxsus olub?
– Yox, bu evi aldım və təmir-bərpa işləri gördürdüm.
– Qonaq evi yaratmaqda məqsədiniz, yaxud arzunuz nə idi?
– İstəyirdim ki, xaricdən gələn qonaqların Azərbaycan və Şəkiyə xas ab-havada qala biləcəkləri bir yer olsun. Yəni, bizim ənənələri olduğu kimi görsünlər. Necə ki, biz xarici ölkələrə gedəndə onlarda qonaq evlərini görürük, biz də eynisini yaratmağa çalışırıq.
– Nə qədərdir fəaliyyət göstərirsiniz?
– Təxminən 3 ildir ki, qonaqları qəbul edirəm. Bu müddət ərzində evi də tədricən bərpa edirdim. Ona görə də bərpa işləri gedə-gedə, arada qonaqlarımı qəbul edirdim.
– İşçiləriniz var? Çünki burada ancaq sizi gördüm...
– Hər şeyi özüm edirəm. İşçim yoxdur.
– İş saatlarınız daha çox olar, yəqin.
– Saat 7-də oyanıram. Əgər adi günlərdirsə, saat 10-da bura gəlirəm. Bəzən gecə qonaq gəlməli olur, o zaman lazım gəldikdə gecə də gəlirəm. İşdir, ona uyğun işləyirik.
– Qonaqlarınız əsasən xaricilər olur?
– Bəli, xarici qonaqlarımız daha çox olur, amma yerli turistlər də bu konsepti maraqlı hesab edib gəlirlər.
– Hansı platforma üzərindən sizi tapırlar?
– "Booking.com" və "Instagram" üzərindən əlaqə qururlar, orada tapırlar.
– Qiymətləriniz necədir?
– Böyük otaqların bir gecəlik qiyməti 100 manatdır. İki nəfərlik otaqdır. Bu qiymətə səhər yeməyi də daxildir. İki gecədən çox qalanda endirim edirik.
– Qonaq evi neçə otaqdan ibarətdir?
– Üç otaqdır.
– Əslində, kiçik yerdir.
– Bəli, çox böyük olmasını istəmirəm.
– O zaman işin zövqünün itməsini istəmirsiniz...
– Bəli. Mən ümumiyyətlə, çox adam olmasını xoşlamıram.
– Gecəsi 100 manata insanlar yaxşı otellərdə də qala bilərlər. Bəs fərq nədir? Niyə sizin qonaq evinizi seçirlər?
– Otel elədir ki, şəhərdən gəlirsən və şəhər mühitinə daxil olursan. Mən istəyirdim elə bir yer olsun ki, insan şəhərdən gəlib yenidən şəhər mühitinə düşməsin. Bəli, elə adamlar var ki, şəhərdən gəlib oteldə qalmaq istəyir. Amma elə insanlar da var ki, şəhərdən gəlir və getdiyi yeri ruhu ilə hiss etmək istəyir. Yəni, ruhu ilə istirahət etmək istəyənlər üçün buranı yaratmışam. İstəyirəm, bura gələnin ruhu açılsın. Mən də bundan zövq alıram.
"Booking"də qiymət hətta 130-150 manata da olur, çünki onlar da öz faizlərini götürürlər. Qonaqlar həmin qiyməti ödəyərək də gəlirlər.
– Siz burada yaşamırsınız?
– Mən Kiş kəndində qalıram, 10 dəqiqəlik məsafədir.
– Övladlarınız xaricdə yaşayır, siz isə Şəkiyə gəlirsiniz. Nə əcəb xaricə köçmədiniz?
– Həmin dövrdə mən də Bakıdan köçmək istəyirdim. Sonra analiz etdim, gördüm ki, mən Bakıdan köçmək istəyirəm, Azərbaycandan yox. Köçmək istədiyim yer mənim üçün Şəki oldu.
– İndiyə qədər neçə ölkədən qonaqlarınız olub?
– 40-dan çox ölkədən. Elələri var ki, bir dəfə gəlib, bəyənib, növbəti dəfə də gəlir. Burada dostlaşdığım insanlar da çoxdur.
Mənbə: Valyuta.аz