Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Yengicə su anbarı və Şirvan suvarma kanalının tikintisi ilə bağlı mediatur təşkil edib.
Shimal.News xəbər verir ki, mediatur çərçivəsində jurnalistlər və blogerlər layihələrin gedişi ilə tanış olublar.
Qəbələdə inşa edilən Yengicə su anbarının həcmi 17,5 milyon kubmetrdir. 2024-cü ildə tikintisinə başlanılan layihə nəticəsində 10 min hektar ərazinin su təminatının yaxşılaşdırılması nəzərdə tutulur. Bunun 6 612 hektarında yeni suvarma sistemi yaradılacaq.
Mediaturun ikinci istiqaməti Şirvan suvarma kanalının Ağsu rayonundan keçən hissəsi olub. Uzunluğu 204 kilometr olacaq yeni kanal saniyədə 180 kubmetr su ötürmək gücünə malik olacaq.
Layihə çərçivəsində indiyədək 134 kilometr ərazidə qazıntı aparılıb, 113 kilometr hissə betonlanıb. Tikintisi nəzərdə tutulan 171 hidrotexniki qurğudan 110-da tamamlama işləri görülür.
Yeni kanalın istifadəyə verilməsi ilə 105 950 hektar torpaq sahəsinin əkin dövriyyəsinə cəlb olunması planlaşdırılır. Layihənin 2027-ci ildə başa çatdırılması nəzərdə tutulur.