Balakəndə bu il 7.591 hektar sahədə qarğıdalı əkilib, əkin sahələrinin təxminən 70 faizində biçin başa çatıb. Bol məhsula baxmayaraq, fermerlər artan xərclər və aşağı satış qiymətlərindən narahatdırlar.
Fermerlər oktyabr ayını qarğıdalı biçini üçün əlverişli dövr hesab edirlər. Onların sözlərinə görə, yağışlı hava və aqrotexniki qulluq bu il məhsuldarlığa müsbət təsir göstərib.
Fermerlər bir hektar qarğıdalı sahəsinə 1.800–2.000 manat xərc çəkdiklərini bildirirlər. Məhsulun kiloqramının 25–35 qəpiyə satılması isə onları qane etmir. Onların fikrincə, gübrə və yanacağın bahalaşması təsərrüfat xərclərini artırır.
Balakən Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, fermerlərin qiymətlə bağlı narazılığı məlumdur. Lakin qiymətlər sərbəst bazarda formalaşdığı üçün alıcı şirkətlərin qərarlarına birbaşa müdaxilə etmək mümkün deyil. Problemin müzakirəsi məqsədilə fermerlər və alıcı şirkətlərlə görüşlər keçirilir.
Mərkəzin məlumatına görə, bu il rayonda qarğıdalı üzrə məhsuldarlıq 82 sentner təşkil edib. Əkin sahələri və məhsuldarlıq ötən illə müqayisədə artıb.
Hazırda rayonda biçin davam edir. Fermerlər isə əsasən çəkdikləri xərcləri qarşılaya biləcək satış qiymətinin formalaşmasını istəyirlər.