Qubada keçirilən Beynəlxalq Gənclər Forumu gənc liderləri mədəniyyətlərarası dialoq və əməkdaşlıq mövzusunda fikir mübadiləsi üçün bir araya gətirir.
Shimal.News xəbər verir ki, forum VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ərəfəsində keçirilir.
Açılış mərasimində Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abbasova, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, mədəniyyət nazirinin müavini Fərid Cəfərov və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) sədri Rafael Hacıbəyli çıxış ediblər.
Çıxışlarda gənclərin xalqlar arasında qarşılıqlı anlaşmanın gücləndirilməsində və əməkdaşlığın inkişafında rolu vurğulanıb. Forum iştirakçılara təcrübə mübadiləsi aparmaq və yeni əməkdaşlıq imkanlarını müzakirə etmək şəraiti yaradır.
Tədbirdə BMT-nin Sivilizasiyalar Alyansının gənclər şəbəkəsinin üzvləri də iştirak edirlər. Forum çərçivəsində dialoq, həmrəylik və mədəniyyətlərarası əlaqələrin möhkəmləndirilməsinə yönələn müzakirələr və müxtəlif fəaliyyətlər keçirilir.