Azərbaycanda Milli Paralimpiya Komitəsinin 30 illiyi münasibətilə idmanın və paralimpiya hərəkatının inkişafında xidmətlərinə görə bir sıra şəxslər "Tərəqqi" medalı ilə təltif edilib.
Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncamla təltif olunan şəxslər arasında balakənli paratlet Oloxan İsa oğlu Musayev də var.
Qeyd edək ki, Oloxan Musayev 1979-cu il mayın 30-da Balakən rayonunun Katex kəndində anadan olub. O, 2008-ci ilin avqustunda Çində keçirilən XIII Yay Paralimpiya Oyunlarında iştirak edib və nüvə itələmə yarışında 12,48 metr nəticə göstərərək qızıl medal qazanıb.
İdmançı 2012-ci ilin avqustunda Birləşmiş Krallığın London şəhərində keçirilən XIV Yay Paralimpiya Oyunlarında da iştirak edib. O, nüvə itələmə yarışında 11,92 metr nəticə ilə 8-ci, lövhə atma yarışında isə 40,77 metr nəticə ilə 4-cü yeri tutub.
Oloxan Musayev Prezident İlham Əliyevin 2 fevral 2016-cı il tarixli sərəncamına əsasən, Azərbaycan Milli Paralimpiya Komitəsinin yaradılmasının 20 illiyi münasibətilə Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif edilib.
Paratlet 2016-cı ilin sentyabrında Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XV Yay Paralimpiya Oyunlarında da mübarizə aparıb. O, lövhə atma yarışında 40,92 metr nəticə göstərərək 4-cü yeri tutub.
Oloxan Musayev 2021-ci ilin avqustunda Yaponiyada keçirilən XVI Yay Paralimpiya Oyunlarında nüvə itələmə yarışında 11,88 metr nəticə ilə 5-ci, lövhə atma yarışında isə 36,92 metr nəticə ilə 7-ci olub.