Ötən il Şimal bölgəsində bir sıra məktəblərdə istilik təminatı, yanacaq çatışmazlığı və yararsız bina şəraiti ilə bağlı şikayətlər səslənib. Bu il həmin problemlərin aradan qaldırılıb-qaldırılmadığı sual doğurur.
Shimal.News xəbər verir ki, 2025-ci ilin qışında Xaçmaz, Quba və Şabran rayonlarındakı məktəblərin vəziyyəti valideyn və müəllimlərin narazılığına səbəb olub.
Xaçmaz rayonunun İstisu qəsəbə tam orta məktəbində təhsil alan təxminən 320 şagirdin soyuq sinif otaqlarında dərs keçdiyi bildirilib. Valideynlərin sözlərinə görə, istilik dizel yanacağı ilə təmin olunsa da, yanacaq bir həftə ərzində məktəbə gətirilməyib. Quba-Xaçmaz Regional Təhsil İdarəsi məktəbin qazlaşdırılması üçün sənədləşmə işlərinin aparıldığını açıqlayıb.
Qubanın Vladimirovka (Elbir) kənd məktəbinin 500-dən çox şagirdin təhsil aldığı binasının qəzalı vəziyyətdə olduğu, Aşağı Xuc kənd məktəbinin isə təmirə ehtiyac duyduğu bildirilib. Regional Təhsil İdarəsi təmir məsələlərinin prioritetlərə uyğun həll ediləcəyini qeyd edib.
Şabranda isə təxminən min şagirdin təhsil aldığı məktəbin uzun müddət təmir olunmaması və infrastruktur problemləri narahatlıq yaradıb.
Bəs bu il məktəblərdə istilik sistemləri yoxlanılıbmı, yanacaq ehtiyatı yaradılıbmı və ötən ildən qalan problemlər həll edilibmi? Shimal.News məsələ ilə bağlı mövcud vəziyyəti və aidiyyəti qurumların mövqeyini araşdırır.