Uzun fasilədən sonra Quba futbolunu təmsil etməyə hazırlaşan komanda Şimal zonasının B qrupunda mübarizə aparacaq.
Qubanı təmsil edəcək "Vətən Naminə" futbol klubunun AFFA Region Liqasının 2026/2027-ci illər mövsümündəki rəqibləri müəyyənləşib.
Shimal.news xəbər verir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) oktyabrın 18-də açıqladığı püşkatmanın nəticələrinə əsasən, komanda Şimal zonasının B qrupunda yer alıb.
"Vətən Naminə"nin bu qrupdakı rəqibləri ŞKGB, "Qobustan", "Xudat City FA" və "Qobu" komandaları olacaq.
AFFA-nın məlumatına görə, Region Liqasının yeni mövsümündə 8 regional federasiyanın əhatə etdiyi 36 şəhər və rayondan ümumilikdə 73 komanda iştirak edəcək. Qarşılaşmaların 39 stadionda keçirilməsi nəzərdə tutulur. Yarış noyabr ayında başlayacaq və 2027-ci ilin mayında başa çatacaq.
Qeyd edək ki, "Vətən Naminə" FK bu ilin sentyabrında "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin nəzdində yaradılıb və Region Liqasında iştirak hüququ qazanıb. Klubun yaradılmasında əsas məqsədlərdən biri gəncləri futbola cəlb etmək, sağlam həyat tərzini təbliğ etmək və onların idmana marağını artırmaqdır.
İctimai Birliyin sədri Tünzalə Abduləlimova QHT.az-a açıqlamasında komandanın uzun illərdən sonra Qubanın adını Region Liqasında təmsil edəcəyini bildirib.
O, eyni zamanda, komandanın hələ də lazımi diqqət və dəstəyi görmədiyini vurğulayıb. T.Abduləlimova Quba ictimaiyyətinin, yerli futbolsevərlərin və iş adamlarının komandaya dəstək göstərəcəyinə ümid etdiyini ifadə edib.
"Vətən Naminə" FK-nın ilk oyununun dəqiq tarixi və keçiriləcəyi stadion barədə hələlik məlumat açıqlanmayıb.