Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində oktyabrın 3-ü növbəti yaşayış məntəqələri uzun illik işğaldan sonra azad edilib.
Vətən müharibəsinin 7-ci günü Prezidenti İlham Əliyev “X” (əvvəllər “Twitter”) platformasındakı paylaşımında işğaldan azad edilən torpaqları elan edib:
- Tərtər rayonunun Suqovuşan və Talış kəndləri
- Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq kəndləri
- Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi
Prezident Tərtər rayonunun işğaldan azad olunan Madagiz kəndinin tarixi adını bərpa edərək onun Suqovuşan adlandırıldığını elan edib.
Müdafiə Nazirliyi müharibənin ilk həftəsi ərzində düşmənin ümumi itkilərinin sayını açıqlayıb: 230-dək tank və digər zirehli texnika, 250 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 38 ədəd hava hücumundan müdafiə vasitələri, 10 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi, 7 silah-sursat anbarı, 130-dan çox avtomobil texnikası, 1 ədəd “S-300” zenit-raket kompleksi.
Azərbaycanın Baş prokurorunun məlumatına görə, sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələri tərəfindən yaşayış məntəqələrimizin atəşə tutulması nəticəsində 19 mülki şəxs – 3 qadın və 2 azyaşlı həlak olub, 63 dinc sakin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ermənistan silahlı qüvvələrinin dinc əhaliyə qarşı törətdiyi cinayətlərlə bağlı Baş Prokurorluq tərəfindən 12 cinayət işi başlanıb.