Mehdi Hüseynzadədən bəhs edən sənədli filmin çəkiliş məkanları sırasında Şimalın iki bölgəsi də yer alıb.
Shimal.News xəbər verir ki, Nizami Kino Mərkəzində İkinci Dünya müharibəsinin əfsanəvi partizanı, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadəyə həsr olunan "Onların Mehdisi, bizim Mixaylomuz" ("Njihov Mehdi, naš Mihajlo") sənədli filminin premyerası keçirilib.
"RTV Slovenija" tərəfindən istehsal olunan ekran əsəri Mehdi Hüseynzadənin İkinci Dünya müharibəsi illərində Sloveniya xalqı ilə çiyin-çiyinə apardığı mübarizədən, qəhrəmanlığından və iki xalqın ortaq tarixi yaddaşındakı yerindən bəhs edir.
Filmin çəkilişləri 2026-cı ilin mart ayında Bakı şəhərində, Abşeron rayonunun Novxanı kəndində, eləcə də Oğuz və İsmayıllı rayonlarında aparılıb. Beləliklə, hər iki rayon Mehdi Hüseynzadənin həyat və döyüş yoluna həsr olunan beynəlxalq sənədli layihənin çəkiliş məkanları arasında yer alıb.
Filmin Oğuzda çəkilməsi xüsusi diqqət çəkir. Belə ki, rayonun Sloveniyanın qərbində yerləşən Nova Qoritsa şəhəri ilə qardaşlaşmış əlaqələri var. Mehdi Hüseynzadənin qəhrəmanlıq salnaməsinin məhz Sloveniya torpaqları ilə bağlı olması bu münasibətlərə tarixi və mənəvi məna qazandırır.