Qanunvericiliyə təklif edilən dəyişiklik qəbul olunarsa, təxminən 10 min vergi ödəyicisi yeni güzəştdən yararlana biləcək.
Shimal.News xəbər verir ki, azı 2 il kiçik sahibkar kimi fəaliyyət göstərən vergi ödəyicilərinə 5 illik güzəşt təklif olunur.
Bu barədə Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında Vergi Məcəlləsinə və bir sıra qanunlara dəyişiklik layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, növbəti il üçün nəzərdə tutulan dəyişikliklər biznes mühitinin yaxşılaşdırılması, investisiyaların təşviqi, mikro və kiçik sahibkarlığın dəstəklənməsi, eləcə də vergi öhdəliklərinin vaxtında yerinə yetirilməsinin stimullaşdırılmasını əhatə edir.
Layihədə kənd təsərrüfatında yeni vergitutma mexanizminin tətbiqi, ayrı-ayrı sektorların inkişafına yönəlmiş tədbirlər və bir sıra vergi güzəştlərinin müddətinin uzadılması da nəzərdə tutulur.