AQTA ailə kəndli təsərrüfatlarının məhsullarının mənşəyi və yararlılıq müddəti barədə məlumatları istehlakçılara çatdırmağı hədəfləyir.
Shimal.News xəbər verir ki, layihəyə ilk olaraq Bakı şəhərində fəaliyyət göstərən "Yaşıl" bazarda start verilib. Hazırda isə layihə Nizami rayonu, 8-ci kilometr ərazisində yerləşən "Kəngərli" ərzaq bazarında tətbiq edilib.
Layihə çərçivəsində ailə kəndli təsərrüfatları tərəfindən istehsal edilən süd və süd məhsulları istehsal tarixi, yararlılıq müddəti, istehsalçısı, mənşəyi və digər zəruri məlumatları əks etdirən etiketlərlə satışa təqdim olunur.
Xüsusi etiket və qablaşdırma təmin edilməklə məhsul satışı ailə kəndli təsərrüfatlarının fəaliyyətinin dəstəklənməsinə, istehsalçıların tanınmasına, onların məhsullarına istehlakçı etimadının artırılmasına və bazarda rəqabət imkanlarının genişləndirilməsinə töhfə verəcək. Eyni zamanda, istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.