Bakıda yoxlanılan süd emalı müəssisəsində "İsmayıllı şoru", "İsmayıllı dovğası" və "İvanovka qatığı" adı ilə məhsullar etiketlənib.
Shimal.News xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakının Sabunçu rayonunda yerləşən süd məhsullarının emalı müəssisəsində plandankənar yoxlama keçirib. Yoxlama zamanı İsmayıllının adı ilə təqdim olunan məhsulların əslində Bakı şəhərində emal edildiyi müəyyənləşib.
Məlum olub ki, B.Bünyadov küçəsi, ev 14 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Aysel İntiqam qızı Cümşüdovaya məxsus müəssisədə dovğa, şor və qatıq məhsullarının etiketlərində "İsmayıllı şoru", "İsmayıllı dovğası" və "İvanovka qatığı" adlarından istifadə olunub. AQTA bunu istehlakçıların aldadılması kimi qiymətləndirib.
Bundan başqa, tərkibində qaymaq olmayan məhsulun üzərində "Qaymaqlı şor" yazıldığı, müxtəlif istehsalçılara məxsus "Çinar", "Cantəpə", "Fermer.V.D İvanuşka", "Fermer" və "Emay" əmtəə nişanlı etiketlərdən istifadə edildiyi aşkarlanıb. Müəssisədə kiflənmiş və istifadə müddəti bitmiş süd məhsulları da tapılıb.
Faktla bağlı inzibati protokol tərtib edilib, laborator müayinələr üçün məhsul nümunələri götürülüb. İstehlaka yararsız məhsulların və qanunsuz etiketlərin məhv edilməsi barədə qərar qəbul olunub. Müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək dayandırılıb.