Qusar, Qəbələ, Qax və Şəkidə turizm biznesi üçün nəzərdə tutulan dəyişikliklər hotellərin vergi yükünü azalda bilər.
Shimal.News xəbər verir ki, Azərbaycanda turizm sektoruna əlavə vergi güzəştlərinin tətbiqi təklif olunur. Yeni təşviqlər xüsusilə regionlarda fəaliyyət göstərən hotelləri, o cümlədən Şimal bölgəsinin turizm mərkəzlərindəki sahibkarları maraqlandırır.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişiklikləri təqdim edən Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli bildirib ki, regionlarda otel fəaliyyəti üçün istifadə edilən daşınmaz əmlaklara görə əmlak vergisi güzəştinin müddətinin uzadılması nəzərdə tutulur.
Bununla yanaşı, turizm sektorunda fəaliyyət göstərən müəssisələrin xarici turistlərə göstərdiyi xidmətlər üzrə gəlir və mənfəət vergisindən azad edilməsi də təklif olunur.
Bu dəyişikliklər Qusar, Qəbələ, Qax və Şəki kimi turizm bölgələrində fəaliyyət göstərən hotellər üçün əhəmiyyətli ola bilər. Güzəştlərin tətbiqi müəssisələrin vergi xərclərini azaltmaqla yanaşı, əldə olunan vəsaitin xidmət keyfiyyətinin yüksəldilməsinə və biznesin inkişafına yönəldilməsi üçün imkan yarada bilər.
Bununla belə, təklif olunan güzəştlərin konkret hotellər üzrə hansı şərtlərlə tətbiq ediləcəyi, əhatə dairəsi və müddəti hələ təqdim olunan məlumatda açıqlanmayıb. Vergi güzəştlərinin hotellərdə gecələmə qiymətlərinin aşağı düşməsinə səbəb olacağına dair də konkret mexanizm göstərilməyib.
Qeyd edək ki, dəyişikliklər "Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsində əksini tapıb. Təkliflər qəbul ediləcəyi təqdirdə 2027-ci ildən tətbiq olunacaq.