top
Ramiz Mehdiyevin adı Şabran dağlarındakı adam oğurluqlarına qarışıb - QALMAQALLI ARAŞDIRMA – FOTO/VİDEO
20 fevral 2025, 17:33
- +

Ramiz Mehdiyevin adı Şabran dağlarındakı adam oğurluqlarına qarışıb - QALMAQALLI ARAŞDIRMA – FOTO/VİDEO

“Diləfruzu da, Zamirin qızlarını da Təvəkkül oğurlayıb aparıb Məmmədmusa Hüseynova təhvil verib”.

Musavat.сom xəbər verir ki, bu, Şabranın Dağbilici kənd sakini Hürü Daşdıyevanın sözləridir. Hürü Daşdıyeva 2005-ci ildə müəmmalı şəkildə itkin düşən, bu günə qədər də öldü-qaldısı bilinməyən Diləfruz Daşdıyevanın anasıdır.

Hürü Daşdıyevanın sözlərindən belə qənaət formalaşır ki,  Dağbilici kəndində 20 il öncə onun qızının oğurlanması, ardından eyni kənddən Zamir Məcidovun qızları 14 yaşlı Nailə və 7 yaşlı Reyhanənin oğurlanması, 2023-cü ildə Qəlagah kəndindən Ənvər Müslümovun izsiz-tozsuz yoxa çıxması cinayətləri arasında əlaqə var. O, baş verənlərin  təşkilatçısı rolunda zamanında Şabran Polis Şöbəsində rəis müavini vəzifəsində çalışmış Məmmədmusa Hüseynovu, icraçı kimi hazırda ömürlük həbsdə olan Qələgah sakini Təvəkkül İsmayılovu görür.

Onun sözlərinə görə Təvəkkül İsmayılovun cinayət işi üzrə istintaqda, sonradan isə məhkəmədə Dağbilicə baş verən adam oğurluğu cinayətləri tam olaraq araşdırılmayıb.

Hürü Daşdıyeva elə faktlar, elə məlumatlar bölüşür ki, Dağbilicidə baş verən adam oğurluqlarının mütəşəkkil qaydada törədilməsinə şübhə qalmır.

“Məmmədmusa Hüseynov bizi qabaqlayırdı, imkan vermirdi ki, gedib qızımıza çataq”

O deyir ki, qızı oğurlanandan 3-4 gün sonra paltarlarını Ləcədi ərazisindəki əkin sahəsində tapıblar.

“Təvəkkül qızımı oğurladığı gün aparıb Ləcədi kəndində Rahimin evində 1 gecə saxlayıb. Rahimi də aldadıb ki, qızı özünə ailə qurmaq üçün aparır. Bundan sonra polislər Təvəkkülü axtarıb tapdılar, məlum oldu ki, İsnov kəndində gizlənib. Amma Məmmədmusa Hüseynov Təvəkkülə danışmağa imkan vermirdi, suallara onun yerinə cavab verirdi. Deyirdi ki, guya Təvəkkül qızım Diləfruzu Qubanın Çiçi kəndinə aparıb, orada fermada yaşayırlar, mal-heyvana baxırlar. Yoldaşıma Məmmədmusa deyirdi ki, neynirsən qızını axtarırsan, gedib axtarıb tapdın, Təvəkkülün əlindən alacaqsan? Belə aldadırdı bizi. Məmmədmusaya deyirdik ki, qızımın yerini bilmək istəyirik ki, gedib baxaq, görək, bəlkə elə ağır şərtlərdə yaşayır? Məmmədmusa Hüseynov bizi qabaqlayırdı, imkan vermirdi ki, gedib qızımıza çataq.

Axır ki, bir gün Şabrandan maşın tutduq, yolandıq Çiçi kəndinə. Orada fermaları gəzdik, adamlardan soruşduq. O kənddə hamı bir-birini tanıyır, dedilər ki, bura belə adamlar gəlməyib. Diləfruzu Çiçidə görən olmayıb. Məlum oldu ki, Məmmədmusa Hüseynov bizi aldadır”.

“Qızı Məmmədmusadan soruş, mən qızı ona təhvil verdim, o da qara maşına qoyub apardı” 

Hürü Daşdıyeva deyir ki, qızını Təvəkkül İsmayılov oğurlayandan sonra aparıb Məmmədmusa Hüseynova təhvil verib, bunun əvəzində ondan pul alıb. Onun sözlərinə görə Bakıda, hazırda Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə (Bakı Ağır Cinayətlər Məhkəməsi-E.M)  Təvəkkül İsmayılovdan qızının yerini xəbər alıb.

“Təvəkkül dedi ki, qızı Məmmədmusadan soruş, mən qızı ona təhvil verdim, o da qara maşına qoyub apardı.  Dedi ki, Məmmədmusa desin, mən qızı ona verdim, o da mənə pul verdi. Tapşırdı ki, mənimçün qız-gəlin gətir, səni dolandıracağam, səni işlədəcəyəm”.

“Təvəkkül yoldaşıma dedi ki, məni Məmmədmusa aldatdı, dedi qız gətir, səni dolandıracağam”

Hürü Daşdıyeva daha bir maraqlı məqamı vurğulayıb. O, deyib ki, Təvəkkül İsmayılov tutulub Şabran rayon Polis Şöbəsinə gətiriləndən sonra müvəqqəti saxlama yerində onunla görüşüblər. O görüş zamanı Təvəkkül İsmayılov Məmmədmusa Hüseynovu ifşa edib. Onun üzünə deyib ki, 2 il onu gizlədib.

“Təvəkkül Məmmədmusanın üzünə dedi ki, sən məni 2 il çöllərdə yatırtdın, deyirdin ki, sən axtarışdasan. Qardaşım 2 il çölə mənim üçün çörək gətirdi. Deyirdin ki, sən evdə qalma, çöldə gizlən. Elə orada Təvəkkül yoldaşıma dedi ki, məni Məmmədmusa aldatdı, dedi qız gətir, səni dolandıracağam”.

“Qız axtarıldı, pasport da cırılıb atıldı”

Hürü Daşdıyeva deyir ki, qızı yoxa çıxarılandan sonra onun pasportu, fotoları da onlardan alınaraq yoxa çıxarılıb:

“Məmmədmusa qapıya adam göndərmişdi, Diləfruzun  pasportunu, fotolarını aldılar. Guya ki, onu axtarırlar. Bizə də bu kağızda şəkilini verdilər. Qızımdan qalan elə yeganə şəkil də elə budur. Başqa bir şəkili də yoxdur. Pasportunu, o qırmızı rus pasportu vardı, ondan idi pasportu da, aldılar, heç qaytarmadılar da. Dedim ki, pasportu qaytarın, dedilər ki, qız axtarıldı, pasport da cırılıb atıldı”.

“O pasportla onu ölkədən çıxarıblar, Diləfruzu satıblar, göndəriblər xaricə”

Hürü Daşdıyevanın sözlərinə görə qızının pasportunu əllərindən Diləfruz Daşdıyevanı ölkədən çıxarmaq üçün alıblar: “O zaman bizdən pasportu alıb apardılar. Bundan sonra bizə deyirdilər ki, Diləfruzun pasportunu nahaq yerə əldə vermişik, o pasportla onu ölkədən çıxarıblar. Diləfruzu satıblar, göndəriblər xaricə”.

Ənvər Müslümov dedi ki, gəl sənin iki bank borcunun ikisini də bağlayım!

Hürü Daşdıyeva araşdırılması zəruri bir məsələni də diqqətə çatdırır:

“Təvəkkül də, Ənvər Müslümov da qonşu Qələgah kəndindən idilər. Təvəkkül Ənvərin çobanı idi. Qızım itəndən sonra, yaram qan verdiyi o günlərdə Ənvər qapımıza gəlmişdi. Mənə dedi ki, bəs eşitmişəm banklara kredit borcların var, istəyirəm sənə kömək edim. Gəl sənin iki bank borcunun ikisini də bağlayım, narahat olma, səni dinib-dindirən olmayacaq. Sən bank verməyəcəksən, sən kredit köçürməyəcəksən. Mən də ona dedim ki, sən mənim nəyimsən ki, mənim bank borcu bağlayırsan? Bilmədim onu qapıma kim göndərmişdi”.

Qızımı itirmişdilər, sənədlərini də itiriblər!!!

Hürü Daşdıyeva deyib ki, qapısından qovandan bir müddət sonra Ənvər Müslümov yenidən onun evinin qarşısında peyda olub:

“Yenə də dedi ki, banklarını bağlayım. Ona dedim ki, bankları almışamsa, özüm də bağlayacağam, sən mənim banklarımla işin olmasın. Dedim məni xətaya salma, qapımdan elə get ki, izin-tozun da qalmasın”.

Hürü Daşdıyeva qızı Diləfruz Daşdıyevanın sənədlərinin kötüyünün Şabran Qeydiyyat Şöbəsindən izsiz itirildiyi faktından da danışıb. Deyib ki, torpaq məsələlərinə görə yaşadıqları ünvanda qeydiyyatda olanların sənədləri lazım olub. Qızı Diləfruz Daşdıyevanın pasportu Məmmədmusa Hüseynov tərəfindən aparıldığından Şabran Qeydiyyat Şöbəsinə üz tutublar: “Orada Diləfruza aid sənədi tapıb bizə verə bilmədilər. O qədər kitabları(qeydiyyat kitablarını nəzərdə tutur – E.M) tökdülər, axtardılar, amma tapmadılar. Qızımı itirmişdilər, sənədlərini də itiriblər. Məmmədmusa özündən sonra iz qoymayıb ki, izi bilinər”.

“Birini atın belinə qoyub, birini də qucağına alıb atın belində aparıb kanala tərəf”

Hürü Daşdıyeva qızı Diləfruz Daşdıyeva itəndən sonra kəndlərindən itən Zamir Məcidovun qızları haqda bunların bilindiyini deyib: “Zamirin iki qızını oğurladılar. O vaxt Mahirin atasının atı vardı, Təvəkkül Zamirin qızları böyürtkən yığanda onları tutmuşdu, atın belinə atıb aparmışdı. O, qızları atıb belinə qoyanda sağ olublar, onları öldürüb bilmirəm. Birini atın belinə qoyub, birini də qucağına alıb atın belində aparıb kanala tərəf. Qızları orada Məmmədmusaya təhvil verib. Bundan sonra o uşaqların da izləri itirilib, onları da görən olmayıb!”

Hürü Daşdıyeva baş prokuror Kamran Əliyevə müraciət edərək qızının və Zamir Məcidovun övladlarının oğurlanmasının yenidən araşdırılmasını da xahiş edib.

P.S Şabran dağlarındakı adam oğurluqları, müəmmalı itkindüşmə və kriminal izli ölüm hadisəsi ilə bağlı araşdırmalarımızın növbəti hissəsini də qarşıdakı günlərdə təqdim edəcəyik. 2007-ci ildə 2 qızı oğurlanmış Zamir Məcidovun baş verənlərin arxasında dayanan fiqur kimi sabiq AMEA prezidenti Ramiz Mehdiyevin adını çəkir. Araşdırmamızın növbəti hissəsində bunun səbəbini biləcəksiniz.

 

Son xəbərlər

Cəmiyyət
Dünən, 17:55

Qubada yola yamaq vurdular, amma dağılan hissə təmirsiz qaldı

Cəmiyyət
Dünən, 16:44

"Şəki Yaylası" faciəsində yeni detal: Qoruyucu ilə bağlı suallar yaranıb

Cəmiyyət
Dünən, 16:00

Xaçmaz və Qubanın bir sıra kəndlərində qaz olmayacaq

Kriminal
Dünən, 15:00

Şabranda vandalizm hadisələri baş verir, qədim qəbirlər qazılır

Cəmiyyət
Dünən, 14:05

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı maarifləndirici görüşlər keçirilib

İqtisadiyyat
Dünən, 13:10

Şimalın 5 rayonunda neft qaz axtarışı aparılacaq

İqtisadiyyat
Dünən, 12:10

Prezident Administrasiyasının əməkdaşı Xudatda baxış keçirib

Cəmiyyət
Dünən, 11:28

Xaçmazda bu yolda 8 kilometr məsafəni qət etmək 40 dəqiqə çəkir

Cəmiyyət
Dünən, 10:42

Zaqatalada şəhid ailəsi ziyarət edilib, sakinlərin müraciətləri dinlənilib

Cəmiyyət
Dünən, 10:00

Şimallı igid şəhidlərimizin doğum günüdür

Hadisə
Dünən, 09:30

Qubada iki avtomobil toqquşdu – FOTO

Cəmiyyət
13 sentyabr 2026, 10:19

Qaxın dağlar qoynunda gizlənən qədim kəndi – Sarıbaş

İdman
12 sentyabr 2026, 18:02

Xaçmazda kənd stadionu yenilənərək istifadəyə verildi

Cəmiyyət
12 sentyabr 2026, 17:20

Qubada II LCOY Azərbaycan 2026: Milli Gənclər Bəyanatı hazırlanır

Cəmiyyət
12 sentyabr 2026, 16:10

Qubada işıqfor sonrası tıxac: Sürücülər problemin həllini belə görür

Cəmiyyət
12 sentyabr 2026, 15:52

Xudatda yeni istiqamət lövhələri quraşdırılır

Cəmiyyət
12 sentyabr 2026, 15:35

Qubadan olan Milix Yevdayevə yüksək dövlət ordeni təqdim edildi

Cəmiyyət
12 sentyabr 2026, 14:44

Zaqatala xəstəxanasında yanğın təlimi keçirildi

İqtisadiyyat
12 sentyabr 2026, 13:54

Zaqataladakı heyvan bazarlarının fəaliyyətinə icazə verildi

İdman
12 sentyabr 2026, 12:53

"Qəbələ" Gəncədə, "Şamaxı" Sumqayıtda – Premyer Liqada 5-ci tur

Cəmiyyət
12 sentyabr 2026, 11:52

Qubada dağ yəhudiləri 5787-ci ili qarşılayırlar – Roş ha-Şana qeyd olunur

İdman
12 sentyabr 2026, 11:12

"Zaqatala"dan qonaqlara 3 cavabsız qol – VİDEO

Cəmiyyət
12 sentyabr 2026, 10:24

İsmayıllıdan olan şəhid leytenant Elnur Səmədovun döyüş yolu

Cəmiyyət
12 sentyabr 2026, 09:18

Qusarda dövlət bayraqlarına 12 min manatdan çox pul xərclənəcək

Oxşar xəbərlər