Bu gün Vətən müharibəsi şəhidi Vüsal Güləliyevin doğum günüdür.
Vüsal Azər oğlu Güləliyev 2001-ci il noyabrın 19-da Siyəzən rayonunda anadan olub.
O, 2008-ci ildə Siyəzən şəhər 5 saylı tam orta məktəbin birinci sinfinə daxil olub, 2019-cu ildə həmin məktəbin 11-ci sinfini bitirib. 2020-ci il yanvarın 6-da həqiqi hərbi xidmətə yollanıb.
Vüsal Güləliyev Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılıb, Füzuli rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. O, 2020-ci il oktyabrın 29-da Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olub.
Şəhid Vüsal Güləliyev ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.