Hadisə Qax rayonunun Güllük kəndində baş verib.
60 yaşlı Tofiq Səfərov (şərti ad-soyad) yaşadığı evdə qeyri-rəsmi nikah münasibətində olduğu Simuzər adlı qadına (şərti ad) yumruq zərbəsi endirib. Faktla bağlı onun barəsində Cinayət Məcəlləsinin 127.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.
Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, həyat yoldaşından ev işlərini gördükdən sonra bağa gəlib fındıq yığmağa kömək etməsini istəyib. Qadın bağa gəlməyib. O, evə qayıdanda Simuzərin yatdığını görüb və aralarında mübahisə yaranıb.
Zərərçəkmiş qadın isə başı ağrıdığı üçün yatdığını, bunu ərinə izah edərkən onun tərəfindən yumruqla vurulduğunu bildirib. Simuzər sonradan əri ilə barışdığını və ona qarşı şikayətinin olmadığını deyib.
Məhkəmənin hökmü ilə Tofiq Səfərov 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. O, gecə saat 23:00-dan səhər 07:00-dək, müvafiq icra və probasiya orqanına məlumat vermədən yaşadığı evi tərk edə bilməz. Həmçinin Qax rayonunun hüdudlarından kənara çıxmasına qadağa qoyulub.
Mənbə: Lent.аz