İsmayıllı rayonunda qanunsuz heyvan kəsimi və ət satışı ilə bağlı nəzarət tədbiri keçirilib.
Shimal.News xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) müfəttişləri polis əməkdaşları ilə birgə keçirdikləri tədbir zamanı Kamil Rüstəm oğlu Həmzəyevin yaşadığı ünvanda qanunsuz heyvan kəsimi faktı aşkarlayıblar.
Müəyyən edilib ki, ünvanda baytarlıq-sanitariya və sanitariya-gigiyena normaları pozulmaqla, antisanitar şəraitdə heyvan kəsimi təşkil olunub.
Baxış zamanı mənşəyi məlum olmayan, baytarlıq ekspertizasından keçirilməmiş və kəskin qoxuya malik 300 kiloqrama yaxın at əti aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Aşkarlanan ətlərdən nümunələr götürülərək laborator müayinələrə göndərilib.
Hazırda araşdırmalar davam etdirilir.