Azərbaycanlı sənətkarların ifası məşhur videooyunun radio stansiyasında səsləndirilir. Onların Nelly Furtadonun hit mahnısına verdiyi muğam yozumu xarici oyun mediasının da diqqətini çəkib.
Shimal.News xəbər verir ki, Şamaxıdan olan Xalq artisti Alim Qasımov və qızı Fərqanə Qasımovanın ifasında səslənən "Say It Right" mahnısının yeni versiyası "Grand Theft Auto VI" (GTA 6) videooyununun "Kaleidoscope FM" radio stansiyasının musiqi siyahısına daxil edilib.
Söhbət kanadalı müğənni Nelly Furtadonun məşhur mahnısının orijinal versiyasından deyil, Azərbaycan musiqi ənənələri əsasında hazırlanmış fərqli yozumundan gedir. İfa zamanı kamança, tar və dəf kimi milli musiqi alətlərindən istifadə olunur, muğamın improvizasiya imkanları pop musiqisinin tanınmış melodiyası ilə birləşdirilir.
"Kaleidoscope FM" stansiyasının əsas ideyası müxtəlif ölkələrdən olan musiqiçilərin dünya miqyasında tanınan mahnılara öz ənənələri əsasında verdikləri yeni nəfəsi dinləyicilərə çatdırmaqdır. Rockstar Games-in musiqi üzrə vitse-prezidenti İvan Pavloviçin açıqlamasına görə, layihənin ideyası şirkətin həmtəsisçisi Sem Hauzerin xarici dillərdə ifa olunan mahnı versiyalarına marağından yaranıb.
Radio stansiyasının aparıcısı isə "Oskar" mükafatlı aktyor Ceremi Ayronsdur.
Mövzu "GameSpot" nəşrinin də diqqətini çəkib. Saytın müəllifi Alim Qasımov və Fərqanə Qasımovanın "Say It Right" ifasını oyunun ən yaddaqalan musiqi nümunələrindən biri kimi dəyərləndirib.
Qeyd edək ki, bu seçim Azərbaycan muğamının beynəlxalq auditoriyaya çatdırılması baxımından diqqətəlayiq hadisədir. Dünyanın müxtəlif ölkələrindən milyonlarla oyunçunun tanış ola biləcəyi musiqi siyahısında Azərbaycan sənətkarlarının ifasının yer alması milli musiqi irsimizin tanıdılması üçün yeni imkan yaradır.