Xaçmaz şəhəri ilə Qaraqurdlu kəndinin kəsişməsində məişət tullantıları və çirkab sular su kanalını çirkləndirir, ətrafda kəskin üfunət yayılır.
Shimal.News xəbər verir ki, ərazidən çəkilən görüntülərdə dəmiryolunun altından keçən suötürücü körpünün ətrafının və kanal yatağının müxtəlif tullantılarla dolduğu görünür.
Kanalda axan suyun antisanitar vəziyyətdə olduğu, yataqda plastik qabların, polietilen torbaların və digər məişət tullantılarının toplandığı bildirilir. Körpünün alt hissəsində də tullantıların qalaqlandığı müşahidə olunur.
Sakinlərin sözlərinə görə, ətraf ərazilərdə atılan zibillər suyun zəif axması səbəbindən dəmiryolunun yaxınlığında toplanır. Onlar bəzi sakinlərin tualet və digər çirkab sularını da kanala axıtdığını iddia edirlər.
Ərazidə yayılan kəskin üfunət qoxusunun və ağcaqanadların sakinlərin gündəlik həyatını çətinləşdirdiyi qeyd olunur.
Sakinlər problemin aradan qaldırılması üçün kanalın təmizlənməsini və ərazidə ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində tədbirlər görülməsini istəyirlər.