Quba Rayon Mərkəzi Xəstəxanasında tibbi arayışların verilməsi ilə bağlı aparılan yoxlamaların nəticəsində bir sıra əməkdaş barəsində intizam tədbirləri görülüb.
Shimal.News-un əldə etdiyi məlumata görə, yoxlamalardan sonra xəstəxananın 8 əməkdaşının əmək müqaviləsinə xitam verilib. İşdən azad edilənlər arasında poliklinikanın şöbə müdiri Tahir Hacı oğlu Məmmədov da var. Onunla əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" (əmək vəzifələrinin və ya əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi və ya müvafiq hallarda kobud şəkildə pozulması) bəndinə əsasən xitam verildiyi bildirilir.
Bundan başqa, 4 əməkdaşa şiddətli töhmət verilib.
Onu da qeyd edək ki, işdən çıxarılan 8 əməkdaşın fəaliyyəti müvafiq qurum tərəfindən araşdırılır.
Xatırladaq ki, TƏBİB-in işçi heyəti oktyabrın əvvəlində Quba Rayon Mərkəzi Xəstəxanasında tibbi arayışların verilməsi ilə bağlı yoxlamalara başlayıb. Araşdırmaya arayışların verilməsi zamanı ciddi nöqsanların aşkar edilməsi səbəb olub.