Quba rayonunun Barlı kəndində aylardır çala-çuxur və gölməçələrlə dolu olan yolu sakinlər öz vəsaitləri hesabına təmir ediblər.
Shimal.News-a danışan kənd sakinləri bildiriblər ki, bir neçə gün öncə 350 manat toplayıb və yığılan pulla yola çınqıl töküblər. Beləliklə yoldakı çala və çuxurları doldurublar.
Sakinlər deyirlər ki, toplanan pul traktor xərcinə və lazımi qədər material alınmasına çatmayıb. Buna görə iş gözlənilən nəticəni verməyib.
Kənd sakinlərinin sözlərinə görə, problemlə bağlı aidiyyəti qurumlara müraciət ediblər, lakin nə cavab alıblar, nə də köməklik göstərilib.
"Uşaqlar məktəbə gedə bilmirdi, biz də öz cibimizdən yolu təmir etməyə çalışdıq. Bütün qurumlara şikayət etmişik, amma heç bir cavab gəlməyib", - deyə sakinlər bildiriblər.
Onlar yolun təmir olunmasını və gediş-gəlişin rahat olmasını istəyirlər.
Xatırladaq ki, oktyabrın 11-də Barlı kəndində yolların vəziyyəti ilə bağlı sakinlərin şikayətini yayımlamışdıq. Sakinlər yağışlı havalarda yolda hərəkətin çətinləşdiyini, uşaqların məktəbə getməkdə, böyüklərin isə işə getməkdə problem yaşadığını bildiriblər.