Yeni su anbarı Qəbələnin 10 min hektar kənd təsərrüfatı torpağının su təminatını yaxşılaşdıracaq.
Shimal.News xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəsmisi Akif Quliyev Qəbələdə keçirilən mediatur zamanı bildirib ki, "Yengicə" su anbarının tikintisinə 2024-cü ildə başlanılıb və hazırda işlər davam etdirilir.
Su anbarı Yengicə kəndi yaxınlığında, Vəndamçay və Qaraçayın birləşdiyi ərazidə tikilir.
Layihəyə əsasən, Yenikənd, Zalam, Kiçik Əmili və Böyük Əmili kəndlərində 8 602 hektar, Bilix və Məlikli kəndlərində isə 1 398 hektar əkin sahəsinin su təminatı yaxşılaşdırılacaq. Ümumilikdə 3 388 hektar torpağın su təminatının yaxşılaşdırılması, daha 6 612 hektar sahədə isə yeni suvarmanın həyata keçirilməsi nəzərdə tutulur.
Su anbarının ümumi həcmi 17,5 milyon kubmetr olacaq. Bəndin hündürlüyü 45 metr, uzunluğu 449,5 metr, eni isə 10 metr təşkil edəcək.
Layihə Prezidentin 27 iyul 2020-ci il tarixli sərəncamı ilə təsdiqlənən su ehtiyatlarından səmərəli istifadəyə dair tədbirlər planı çərçivəsində həyata keçirilir.