Bu gün Əməkdar artist Məcnun Hacıbəyovun doğum günüdür.
Məcnun Hacıbəyov 1935-ci ilin 5 oktyabrında Quba rayonunun II Nügədi kəndində dünyaya gəlib, 10 illik orta məktəbi də bu kənddə bitirib.
Akyorluq istedadını isə elə uşaq yaşlarından hiss etməyə başlayan Məcnun Hacıbəyov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsinə qəbul olub və 1965-ci ildə Universiteti bitirib.
Aktyor ömrünün 50 ilini səhnəyə həsr edib, Akademik Milli Dram Teatrında, Azərbaycan televiziyasında, "Azərbaycanfilm" kinostudiyasında bu illər ərzində bir-birindən maraqlı, irili-xırdalı, lakin yaddaqalan obrazlar yaradıb. "Canavar balası", "Evlənmək istəyirəm", "Gənclik macərası", "Göz həkimi", "Gülüş sanatoriyası", "Kişilər", "Qatarda", "Qəzəlxan", "Yarımştat" və s. film və televiziya tamaşalarında ifa etdiyi rollar özünəməxsus mizanları, ifadə vasitələri ilə tamaşaçıların rəğbətini qazanıb, sözləri isə xalq arasında aforizmə çevrilib.
Əməkdar artist Məcnun Hacıbəyov həyat yoldaşını itirəndən sonra səhnədən ayrılıb və 20 ilə yaxın Quba rayonunun İkinci Nügədi kəndində tək yaşayıb.
Onu da qeyd edək ki, Məcnun Hacıbəyov vaxtilə qubalı aktrisa Zərnigar Ağakişiyevanı dəlicəsinə sevib. Zərnigar xanımın ölüm xəbərini eşidəndə aktyor çox məyus olub. Sevdiyi qadının evdə tənha şəkildə ölməsi xəbərini alan aktyor göz yaşını saxlaya bilməyib.
Görkəmli sənətkar 16 noyabr 2021-ci ildə 86 yaşında Covid-19 xəstəliyindən vəfat edib.