Qarabulaq kəndində uşağın kiminlə qalması ilə bağlı yaranan mübahisə keçmiş ər-arvadın bir-birinə xəsarət yetirməsi ilə nəticələnib.
Hadisə Qarabulaq kəndində baş verib.
33 yaşlı Faiq Yusifov (şərti ad) ilə keçmiş həyat yoldaşı Məlahət (şərti ad) arasında uşaqla bağlı mübahisə yaranıb. Rəsmi boşanmadan sonra övlad anasının yanında qalıb. Hadisə günü uşaq atasının evində olub. Məlahət keçmiş ərinə zəng edərək uşağı gətirməsini və gəlib övladını aparacağını bildirib.
Faiq isə uşağın getmək istəmədiyini deyərək keçmiş həyat yoldaşından gəlməməsini istəyib. Buna baxmayaraq, Məlahət onun evinə gedib və tərəflər arasında münaqişə yaranıb.
Faiqin iddiasına görə, keçmiş həyat yoldaşı onu bıçaqla və qab-qacağı sındırmaqla hədələyib. Daha sonra tərəflər bir-birinə əl qaldırıb və yüngül xəsarətlər alıblar.
Məlahət isə məhkəmədə bildirib ki, evə daxil olan kimi keçmiş əri uşağın gözü qarşısında onun üzünə, qoluna və başına zərbələr endirib.
Hər iki tərəf hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Onların barəsində müvafiq maddə ilə inzibati xəta haqqında protokol tərtib olunub.
Məhkəmə iclasında tərəflər barışmadıqlarını və bir-birindən şikayətçi olduqlarını bildiriblər.
Qərara əsasən, keçmiş ər-arvadın hər biri 300 manat məbləğində inzibati cərimə olunub.
Mənbə: Lent.az