Quba-Xaçmaz avtomobil yolunda məktəblinin ölümü ilə nəticələnən qəzadan sonra şagirdlərin təhlükəsizliyi ilə bağlı narahatlıq daha da artıb.
Shimal.News xəbər verir ki, baş verən hadisə yolun Quba rayonunun Bəhrəli (Timiryazev) kəndindən keçən hissəsində piyadaların, xüsusilə şagirdlərin təhlükəsiz hərəkəti ilə bağlı ciddi problemlərin olduğunu bildirir.
Yolun ətrafında yaşayış evləri, ticarət və iaşə obyektləri yerləşir. Sakinlərin sözlərinə görə, buna baxmayaraq, insanların qarşı tərəfə keçməsi üçün lazımi şərait yaradılmayıb.
Sentyabrın 30-da baş verən qəza isə ərazidəki riskləri yenidən gündəmə gətirib. Həmin gün Alekseyevka kənd tam orta məktəbinin 8-ci sinif şagirdi, 2013-cü il təvəllüdlü Gülay Pirmuradovanı yolu keçərkən "Opel" markalı avtomobil vurub.
Ağır xəsarətlər alan məktəblini həkimlərin müdaxiləsinə baxmayaraq xilas etmək mümkün olmayıb.
Sakinlər bildirirlər ki, yaşayış məntəqəsindən keçən bu hissədə sürət həddi 50 km/saat olsa da, bəzi sürücülər tələbi pozaraq yüksək sürətlə hərəkət edirlər. Xüsusilə dərs saatlarında uşaqların magistralı keçməsi təhlükəli vəziyyət yaradır.
Ərazidə minik və ağır tonnajlı nəqliyyat vasitələri intensiv hərəkət edir. Şagirdlər məktəbə gedib-gələrkən marşrut avtobuslarından istifadə edir və hər gün magistralı keçmək məcburiyyətində qalırlar.
Sakinlər hadisədən sonra yolun həmin hissəsində təhlükəsizlik tədbirlərinin gücləndirilməsini vacib sayırlar. Onlar piyada keçidlərinin salınmasını, sürət rejiminə nəzarətin artırılmasını və yüksək sürətli hərəkətin qarşısını almaq üçün radarların quraşdırılmasını istəyirlər.