Balakən Rayon İcra Hakimiyyətinin sabiq başçısı İslam Rzayev və onun keçmiş müavini Azad Balayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Təqsirləndirilən şəxslərin ev dustaqlığına buraxılması barədə vəsatətləri təmin edilməyib.
Shimal.News xəbər verir ki, bu gün Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Xaliq Məmmədovun sədrliyi ilə keçirilən hazırlıq iclasında tərəflərin anket məlumatları dəqiqləşdirilib, hüquq və vəzifələri izah olunub.
Təqsirləndirilən şəxslərin vəkilləri həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə vəsatət veriblər. Məhkəmə müraciəti təmin etməyib və cinayət işini baxışa verib. Əsas məhkəmə iclası dekabrın 11-nə təyin olunub.
İslam Rzayev ötən il oktyabrın 30-da DTX-nin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb və daha sonra Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. O, külli miqdarda mənimsəmə, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, təkrar və külli miqdarda rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə daxil olmaqla bir sıra maddələrlə ittiham olunur.
Azad Balayev isə bu il saxlanılıb. Ona qabaqcadan əlbir olan qrup tərəfindən, təkrar və külli miqdarda rüşvət alma, eləcə də bu cinayətlərdə köməkçiliklə bağlı ittihamlar irəli sürülüb.
Qeyd edək ki, İslam Rzayev 2024-cü ilin oktyabrınadək Balakən Rayon İcra Hakimiyyətinin başçısı olub. Azad Balayev isə 2007–2022-ci illərdə icra başçısının müavini vəzifəsində çalışıb, 2011-ci ildən YAP-ın Balakən Rayon Təşkilatına rəhbərlik edib.
İş üzrə zərərçəkmiş şəxs qismində Maliyyə Nazirliyi tanınıb.