Dekabr ayında Şimal bölgələrinin sakinləri bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri ilə yerlərdə görüşərək müraciət və şikayətlərini birbaşa çatdıra biləcəklər.
Shimal.News xəbər verir ki, gələn ay Quba, Xaçmaz, Qusar, Şabran, Qəbələ, İsmayıllı, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən, Xızı və Siyəzən rayonlarının sakinləri üçün müxtəlif sahələr üzrə vətəndaş qəbulları keçiriləcək.
Qəbul cədvəlinə əsasən, dekabrın 4-də energetika naziri Pərviz Şahbazov Oğuzda Oğuz, Qəbələ, İsmayıllı, Şəki, Qax, Zaqatala və Balakən rayonlarının sakinləri ilə görüşəcək. Həmin gün gənclər və idman naziri Fərid Qayıbov Xızıda Xızı və Siyəzən sakinlərini qəbul edəcək.
Dekabrın 18-də iqtisadiyyat naziri Mikayıl Cabbarov Qubada Quba, Xaçmaz və Qusar rayonlarından olan vətəndaşlarla görüşəcək. Eyni tarixdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Vüsal Nəsirli Şabranda Şabran və Xaçmaz sakinlərini qəbul edəcək.
Dekabrın 25-də isə səhiyyə naziri Anar Bayramov Qəbələdə Qəbələ, İsmayıllı və Oğuz rayonlarının sakinləri ilə görüşəcək.
Bundan başqa, dekabrın 2-də daxili işlər naziri Vilayət Eyvazov Masallıda, dekabrın 4-də baş prokuror Kamran Əliyev Sumqayıtda, fövqəladə hallar naziri Kəmaləddin Heydərov Ağsuda, dekabrın 10-da "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Şəmkirdə, dekabrın 11-də ədliyyə naziri Fərid Əhmədov Naxçıvanda və digər qurum rəhbərləri müxtəlif şəhər və rayonlarda vətəndaşları qəbul edəcəklər.
Qəbullar müəyyən edilmiş tarixlərdə saat 10:00-da başlayacaq. Vətəndaşlar görüşlərdə aidiyyəti qurumların fəaliyyət sahələrinə uyğun müraciət və şikayətlərini təqdim edə bilərlər.